Güney Azərbaycanın Ərdəbil şəhərindən olan milli fəal Mürtəza Pərvin 8 aydan çoxdur Tehranın Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Bu barədə insan haqları təşkilatları paylaşım edib, İran məhkəmə sisteminin fəala qarşı münasibətini tənqid ediblər.
Bildirilib ki, bir müddət əvvəl Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsinin hakimi Əbülqasem Salavati, Mürtəza Pərvinin cinayət işində kifayət qədər dəlil olmadığını və nöqsanların olması səbəbindən işi istintaq şöbəsinə geri göndərib.
"Bu, Mürtəza Pərvinə qarşı təzyiqin başqa bir formasıdır, onun işinə baxılmasını uzatmaq və qeyri-müəyyən vəziyyətdə saxlamaqla fəalı saxta etiraf verməyə məcbur etmək istəyirlər",- məlumatda deyilir.
Qeyd edək ki, fevralın 6-da Ərdəbildəki şəxsi mənzilində həbs edilən milli-mədəni fəal Mürtəza Pərvin fevralın 11-də Tehranın Evin həbsxanasının təcridxanasına köçürülüb.
M.Pərvin həbs edildikdən sonra mənzilində axtarış aparılıb, ona məxsus mobil telefon, noutbuk müsadirə edilib.
visiontv.az