Millət və dövlət olaraq böyümək istəyiriksə, dilimizin Böyüklüyünü təmin etməliyik
Millət və dövlət olaraq böyümək istəyiriksə, dilimizin Böyüklüyünü təmin etməliyik
21.02.2024 Sahib Alıyev Tərəfindən

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Hər bir millət və xalqın dili onun kimlik pasportudur. Azərbaycan dilinə gəldikdə fikrimcə, yeni mərhələdə o, bizim üçün Fridrix Ratsel və Karl Haushoferin "yaşam arealı" nəzəriyyələrində irəli sürdükləri funksiyanı yerinə yetirməlidir. Yəni Azərbaycanın böyüməsi ilk növbədə dil faktoru ilə bağlı olmalıdır.

Bəli, Azərbaycan oddan-alovdan keçərək  torpaqları üzərində suverenliyini tam təmin etdikdən sonra  əzmli və iddialı dövlət olaraq böyüməli, güclənməlidir. Hansı coğrafiyada, kimlərin əhatəsində yerləşdiyimizi, keçmişdə yaşadıqlarımızı nəzərə alsaq, biz nəinki güclənməliyik, var olmaq üçün buna məhkumuq.  Amma dövlətimizin güclənməsi və böyüməsi  yuxarıda adlarını çəkdiyim alman mütəfəkkirlərinin nəzərdə tutduqları kimi kiminsə torpaqlarını ələ keçirmək yoluyla baş verməli deyil. Ən  yüksək səviyyədə də dəfələrlə vurğulanıb Azərbaycanın belə bir niyyəti yoxdur və indi 21 əsrdir. 

Biz türk dünyası ailəsinin bir üzvü olaraq içimizə, kökümüzə və dilimizə doğru böyüməliyik.  Əlcəzairdə doğulan Alber Kamyu deyirdi ki,  onun vətəni fransız dilidir. Bax, Azərbaycan dili bütün daşıyıcıları üçün harada doğulmalarından və yaşamalarından asılı olmayaraq Vətən rolu oynamalıdır. Və Azərbaycan deyiləndə göz önünə  bəlli bir sərhədlər çərçivəsindəki torpaqdan öncə Dilimiz gəlməlidir. Hər bir soydaşımız pasportunu gəzdirib-gəzdirməməsindən asılı olmayaraq Azərbaycanımızı öz dövlətləri saymalıdırlar. Böyük ailəmizdə-türk dünyasında da bizə 10 milyon vətəndaşı olan bir ölkə deyil, 50  milyondan artıq insanın Vətən bildiyi dövlət kimi yanaşılmaldır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə törənindəki çıxışına dayanaraq mən belə düşünürəm ki, elə bizim yeni milli ideyamız da Böyük, yaxud da Güclü Azərbaycan olmalıdır. Bu Böyüklüyü isə bütün azərbaycanlıların sözün hər anlamında dil biriliyi və texnolji inkişaf təmin etməlidir.
Texnoloji inkişaf üçün nələr gərəkdiyini açıqlayarkən xatırlayırsınızsa, Prezidentimiz burda sadəcə dövlət siyasətinin yetərli olmadığını bildirərək onu "böyük bir səfərbərlik tələb edən iş" kimi dəyərləndirdi. Azərbaycan dilini 50 milyondan artıq soydaşımızın öz Vətəni sayması da dövlətdən çox cəmiyyətdən, daha dəqiqi o dilin təəssübkeş daşıyıcılarının səfərbərliyindən asılıdır. Yəni millət və dövlət olaraq böyümək istəyiriksə, dilimizin Böyüklüyünü təmin etməliyik. Necə-bu, artıq geniş diskussiya mövzusudur. Hazırıqmı?

Millət vəkili Sahib Alıyev

Visiontv.az