İran tərəfindən saxlanılan “MSC Aries” gəmisindən yeddi nəfər azad edilib
10.05.2024

Hörmüz boğazında İran hərbçiləri tərəfindən saxlanılan “MSC Aries”dən yeddi nəfər azad edilib. Onlardan beşi hindistanlıdır.

Bu barədə Hindistanın Tehrandakı səfirliyi məlumat yayıb.

“Beş hindistanlı dənizçi bu axşam azad edilib və İranı tərk edib. Biz İran hakimiyyətinə Hindistanın Bəndər Abbasdakı səfirliyi və konsulluğu ilə sıx koordinasiyaya görə təşəkkür edirik”, - deyə Hindistan diplomatik missiyasının bəyanatında bildirilib.

Qeyd edək ki, aprelin 13-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz xüsusi təyinatlıları Portuqaliya bayrağı altında üzən “MSC Aries”  yük gəmisini ələ keçiriblər. Gəminin israilli milyarder Eyal Oferə məxsus Londonda yerləşən “Zodiac Maritime” ilə əlaqəli olduğu bildirilib. Konteyner gəmisinin göyərtəsində Estoniya, Rusiya, Hindistan, Filippin və Pakistan vətəndaşları olublar. “MarineTraffic” xidmətinin məlumatlarına görə, “MSC Aries” konteyner gəmisi Əmirliyin Xəlifə limanından Hindistanın Nava Şevasına doğru gedirdi.

Gəmidə 17-si hindistanlı olmaqla 25 ekipaj üzvü olub. Hadisədən beş gün sonra İran hakimiyyəti gəmidə olan hindistanlı qadına gəmini tərk etməyə icazə verib. Hindistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, konteyner gəmisində olan ölkə vətəndaşları sağlamdır və ailələri ilə təmasdadırlar.

visiontv.az