İlham Əliyev Azərbaycanla Ermənistan arasında aparılan danışıqların üzərindən sir pərdəsini götürdü
İlham Əliyev Azərbaycanla Ermənistan arasında aparılan danışıqların üzərindən sir pərdəsini götürdü
07.06.2024 Sahib Alıyev Tərəfindən

Dünən türk dövlətləri parlamentlərinin rəhbərləri ilə görüşdə Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında aparılan danışıqların üzərindən sir pərdəsini demək olar ki, götürdü.

Mənə elə gəlir ki, bununla da Ermənistandan çox sülh anlaşmasına noyabrdakı seçkilərdə özlərinə divident gətirəcək məsələ kimi yanaşan, təbrik məktublarında və edilən zənglərdə israrla onun tez bağlanmasını istəyənlərə ismarıc göndərilirdi. İsmarıc göndərilirdi ki, əgər tezliklə sülh anlaşmasının bağlanması istənilirsə, onda

1. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı torpaq iddiası çıxarılmalı,

2. rəsmi İrəvan Minsk qrupunun buraxılması üçün bizimlə birgə bəyanat verməlidir. Əgər regionda dayanıqlı sülh arzulanırsa, bu, tam haqlı tələbdir və qarşı tərəf bizim torpaq bütünlüyümüzə yanaşmada son zamanlar sərgilədiyi mövqesində səmimidirsə, ona qeyd-şərtsiz əməl etməlidir. Ermənistan Qarabağı Azərbaycanın bir parçası sayırsa, sual olunur, onda nədən bizimlə birgə Minsk qrupunun buraxılması tələbini səsləndirməkdə tərəddüd edir?

Cənab Prezidentin sözü gedən açıqlaması göstərir ki, rəsmi İrəvan müxtəlif bəhanələrlə, eyni zamanda COP29 öncəsi Azərbaycanın güzəştə gedəcəyini düşünərək onu yerinə yetirmək istəmir.

Ancaq unudurlar ki, bizə dövlətlər arasında sülh anlaşmasının bağlanması lazımdır , hakimiyyətlər arasında yox. Yəni Paşinyandan sonra hər hansı keşiş Baqrat, yaxud da ona bənzər biri hakimiyyətə gələndə Konstitusiyalarında ölkəmizlə Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiqləyən hər hansı sülh anlaşması bağlanmasının mümkünsüzlüyü haqda hissəni əsas gətirərək ondan imtina edildiyini deyə bilməməlidir.

Millət vəkili Sahib Alıyev

visiontv.az