“İki bacı, bir emosiya”: Fransa - Ermənistan əməkdaşlığı onlara nə verəcək?
“İki bacı, bir emosiya”: Fransa - Ermənistan əməkdaşlığı onlara nə verəcək?
23.02.2024 Sahib Alıyev Tərəfindən

Mən Ermənistan baş nazirinin Fransaya səfərində rəsmi Parisin indən sonra da bizim regionda gərginliyin qalmasına çalışacağından xəbər verən göstəri və emosiyadan başqa diqqət çəkən heç nə görmədim. Emmanuel Makronun Avropa Birliyinin Ermənistandakı "mülki" missiyasından, “Avropa Sülh Fondu”nun xətti ilə “kiçik baçı”ya edilən və ediləcək yardımdan söz saldıqdan sonra Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulduqlarına görə “əziz Nikolu” tərifləməsindən ancaq bir nəticə çıxır, o da budur ki, bütün bunlar məhz Yelisey sarayının diqtəsi ilə baş verib.

Paşinyanla görüşdə özünün birincidən daha çox hay təəssübü çəkdiyini növbəti dəfə gözə soxan bu sözdə müsyönün əməldə onların nə dərəcədə işlərinə yaradığını bilmək üçün qonşularımız yaxşı olardı ki, iki fakta diqqət yetirərdilər. Baxın,  "əziz Emmanuel" Paşinyanın "sülh qovşağı" layihəsini dəstəklədiyini və Mərkəzi Asiyaya səfəri zamanı onu təşviq etdyini dedi. Xatırladaq ki, Qazaxıstanla Türkiyə arasında  beynəlxalq daşınma haqda  anlaşma hər iki ölkənin parlamentlərində artıq  ratifikasiya edilib ki, bu da yüklərin transxəzər marşrutu və Bakı-Qars dəmir yoluyla çatdırılması vaxtının 13-15 gündən cəmisi beş günə endirilməsini nəzərdə tutur. Maraqlıdır, Fransa Prezidenti Paşinyanın "sülh qovşağı"nı orta dəhlizin harasında görür və Azərbaycanın izni olmadan bura necə qoşacaq?

Baxıram haylar bu səfəri ilk növbədə ona görə uğurlu sayırlar ki, orada Makron yenə də bizim əleyhimizı nəsə danışıb. Amma məsələ burasındadır ki, onu bu dəfə ölkəmizi tənqidə vadar edən saxta hay “təəsübkeşliyi”ndən çox,  Prezidentimizin Münxen Konfransında keçirdiyi görüşlərdən də göründüyü kimi Fransanın öz meydanı saydıqları qarışıq bir çox müstəvilərdə təklənməsi və ofsaytda saxlanmasıdır. Üstəlik, keçmişin təcrübəsinə dayansaq, görərik ki, bu qəbil tənqidlər regiondakı reallığa elə də təsir etmir, edəndə də nəticə heç də Ermənistanın arzuladığı kimi olmur. 

Beləliklə, bu səfərdə haylar üçün təsəlli sayılacaq sadəcə bir olay vardı ki, o da  Makronun da etiraf etdiyi kimi dəridən-qabıqdan çıxsa da, uğrunda vuruşduğu Fransanın vətəndaşlığını ala bilməyən Misak Manuşyanla xanımının cəsədlərinin qalıqlarının təxminən 80 il sonra panteonda basdırılmasıdır.
  Ermənistan baş naziri bunu iki "bacı" arasında “dərin emosional əlaqə” kimi dəyərləndirir. Dəyərləndirməsinə dəyərləndirsin, amma onun Parisə çağırılması əgər Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfərinə cavab idisə, onda ikinci “iki dövlət bir ordu” modelinin  ölkələrimizin  hərbi sənaye komplekslərinə yanaşmada da keçərli olacağını, bunun üçün kadr hazırlığından tutmuş gərəkən nə lazımdırsa edildiyini, digər mühüm reallıqları üzə çıxardı. Bəs Ermənistan baş naziri  “əziz”lənməkdən, bir də hansısa soydaşının cəsədinin 80 ildən sonra belə demək mümkünsə, daha urvatlı yerdə basdırılmasını  görüb emosional hisslər keçirməkdən başqa Parisdə nə əldə etdi? “İki bacı, bir emosiya”  formatında davam etdirilən Fransa - Ermənistan əməkdaşlığı onlara nə verəcək?

Millət vəkili Sahib Alıyev

Visiontv.az