İblisin gəlişi, Cavidin qayıdışı, Mehdinin ruhu...
12.10.2024

Siyasi xəbərləri oxuduqca insanın qəlbini qaranlıq bürüyür, pessimizm səni əsir alır. Lakin bu əsarətdən azca da olsa qurtulmağın tək yolu SƏNƏTDİR. Bu yazıda Azərbaycan mədəniyyəti üçün kiçikdə olsa xoş bir xəbəri yazmaq istəyirəm. 1 həftə öncə Akademik Milli Dram Teatrında dahi dramaturq, türk dünyasının və Şərqin yetişdirdiyi böyük yazar Hüseyn Cavidin İBLİS əsərinin tam 42 il sonra yenidən premyerası oldu. Təəssüfki insanlarımızın gündəlik qayğıları, problemləri səbəbindən və ölkədəki rəzil, biabırçı medianın ucbatından bu xəbər çoxlarına əyan olmadı.

Tamaşanı qısa olaraq video şəklində izləmək mənə qismət oldu. Və ilk baxışdan tamaşa məndə uğurlu bir iz qoydu. Bəli, hər nə qədər Mehdi müəllimin, Hamlet Xanızadənin yaratdığı İblis olmasada, zənnimcə aktyorlar verilən işin öhdəsindən kifayət qədər uğurla gəldilər. İblis həm fəlsəfi, həm də mövzusuna görə heç bir zaman aktuallığını itirməyəcək mövzudur. Çünki İblis bizim içimizdədir, sözümüzdə, hissimizdə və fikrimizdədir. Hər birimizin içində kiçik bir iblis yatır.... Lakin, bu əsərin indiki zamanda səhnəyə qoyulması daha önəmli idi. Dünyada bugün baş verən savaşlar, ölümlər, konfliktlər İBLİSİN bizə bir oyunudur. Cavid əfəndi sadəcə Adəmə səcdə etməkdən boyun qaçıran və cənnətdən qovulan mələyi deyil, Avtoritar, qaniçən və zalım liderlərin CƏMİ olaraq İblisi bizə göstərir. Bugün bu İBLİSin varisləri dünyanı xaosa sürükləməkdədir. Biz isə acizanə şəkildə dünyanın və insanlığın taleyinin necə olacağından xəbərsiz olanları sadəcə seyr edirik.

Tamaşanın qruluşçu rejissoru Mehriban xanım Ələkbərzadə bu tamaşada İblisin varislərinin insanoğlu ilə yaradılışdan bəri davam edən ədavətini, kirli oyununu və insanoğlunun necə nankor, ehtiras və istəklərinə təslim olduğunu açıb göstərir. Bu əsər ilə Azdrama İblisi yenidən bizlərə tanıtdı...Cavidi yenidən teatra qaytardı. Onun düşüncəsini, fəlsəfə və fikirlərini bugünümüzlə sintez edərək qaytardı...Və dəyərli Mehdi müəllimin ruhunu 42 il sonra yenidən şad etdi....Sənət... 30 illik həyatımda anladığım, öyrəndiyim tək şey var. Bu ədalətsiz, iyrənc, haqqlıların əzildiyi, pislərin daim qazandığı dünyada bizi xilas edib yaşadacaq tək şey SƏNƏTDİR.......YAŞA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ. YAŞA TEATR.

Pərviz Əliyev

visiontv.az