Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqlənib
08.01.2025
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiqlənib.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Hava gəmisinin salonunda daşınması qadağan edilən əşya və maddələr
Bütün növ silahlar və kəsici-deşici alətlər:
döyüş silahı, tapança, revolver, tüfəng, karabin və digər odlu silah, partlayıcı maddələrin qüvvəsindən istifadə etməklə işləyən analoji qurğular (yivli və yivsiz tüfənglər, idman silahı, lülədən doldurulan odlu silah, fişəng atan tapança və yalnız siqnal fişəngləri buraxmaq üçün qurğular, boş (gülləsiz) patronlarla atəş açmaq üçün tapança və revolver, heyvanların öldürülməsi üçün mili sıçrayan tapança, linemyot);
digər silahlar (pnevmatik silah, qaz silahı, ov silahı və s.);
oyuncaq silah, silahın surəti və ya imitator;
odlu silahların komplektləşdirici hissələri (optik nişangahlardan başqa);
siqnal və idman tapançaları;
yay, mizraq, oxlar;
harpun və nizələr;
katapultlar;
qılınclar (süvari qılıncları və gödək qılınclar daxil olmaqla), xəncərlər (üçtiyəli xəncərlər və yatağanlar daxil olmaqla), qarmaqlar, sapandlar, süngülər, bıçaqlar (hərbi desant, fin, çıxarılıb atılan ülgüclü, qıfılla bağlanan bıçaqlar daxil olmaqla) rapiralar;
buz baltaları və buzqıranlar;
ülgüc üçün tiyələr;
dəftərxana bıçağı;
tiyəsinin uzunluğu 6 santimetrdən çox olan bıçaqlar;
dayaq nöqtəsindən başlayaraq tiyəsinin uzunluğu 6 santimetrdən çox olan qayçılar;
iti ucları və ya kənarları olan döyüş sənəti silahları.
Keyidici (hərəkətsizləşdirici) maddə və (və ya) əşyalar:
bütün növ elektroşoklar, müvəqqəti sarsıdan silahlar;
heyvanların hərəkətsizləşdirilməsi və öldürülməsi üçün vasitələr;
keyidici (hərəkətsizləşdirici) kimyəvi preparatlar, qaz balonları, istiotlu sprey, gözyaşardıcı qaz, turşulu sprey, heyvanlardan qorunmaq üçün spreylər.
Peşə alətləri:
ling;
burğu və matqablar, o cümlədən portativ simsiz matqablar;
tiyəsinin və ya sapının uzunluğu 6 santimetrdən çox olan alətlər;
mişarlar, portativ simsiz mişarlar daxil olmaqla;
lehimləmə lampaları;
tikintidə istifadə olunan tapançalar.
Küt alətlər:
toxmaqlar (o cümlədən beysbol və softbol toxmaqları);
dəyənəklər (toppuz, kötək, rezin dəyənək və s.) və jezllər;
döyüş sənəti silahları.
Partlayıcı maddələr (əşyalar) və partlayıcı vasitələr:
barıt (miqdarından və qablaşdırılmasından asılı olmayaraq);
döyüş patronları (o cümlədən kiçik çaplı);
ovçu kapsulları (pistonlar) və kapsul-detonatorlar;
detonasiya şnurları, zərbə və ya detonasiya kapsulları, fitillər, elektrodetonatorlar və odkeçirən qaytanlar;
partlayıcı qurğuların dəqiq surəti və ya imitatoru;
minalar, qumbaralar və ya digər partlayıcı vasitələr;
pirotexnika vasitələri: siqnal və işıqlandırma raketləri, yağış raketləri, dumana qarşı siqnallar, şaşkalar, tüstü patronları, partladılma işləri üçün kibritlər, benqal fişəngləri, dəmiryol petardaları;
dinamit, tol, ammonal, trotil, plastik və digər partlayıcı maddələr.
Sıxılmış və ya mayeləşdirilmiş qazlar:
butan;
propan;
digər qazlar.
Tezalışan mayelər:
aseton;
benzin;
neft məhsullarının nümunələri;
metanol;
metilasetat (metil efiri);
əyləc mayesi;
kükürd karbonatı;
efirlər;
etilsellozolv;
digər tezalışan mayelər.
Alışan bərk maddələr:
kalium;
natrium;
metal kalsium və onların külçələri (ərintiləri);
fosforlu kalsium;
öz-özünə alışmaya və yanğına səbəb ola biləcək, hər hansı bir təsirdən istilik və yanan qazları ayıran digər maddələr;
ağ, sarı, qırmızı fosfor və alışan bərk maddələr kateqoriyasına aid digər maddələr;
tərkibində suyun və qarışdırıcının miqdarı 20 faizdən az olan dənəvər və ya lopalı, quru və ya nəm kolloidli nitrosellüloz.
Zəhərli və zəhərləyici maddələr:
brusin;
nikotin;
strixnin;
tetrahidrofurfuril spirti;
antifriz;
etilenqlikol;
civə;
sinil turşusunun bütün duzları və sianidli preparatlar;
siklon, sianplav, arsen anhidridi və digər güclü təsir edən zəhərli və zəhərləyici maddələr.
Aşındırıcı və korroziyalaşdırıcı maddələr:
güclü qeyri-üzvi turşular: xlorid, kükürd, azot və s.;
flüorlu hidrogen və digər güclü turşular və korroziyalaşdırıcı maddələr.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9284, təhlükəli yüklərin hava yolu ilə təhlükəsiz daşınması üzrə Texniki təlimatlar”ında (bundan sonra – Texniki təlimatlar) sərnişinlər və hava gəmisinin heyətinin əl yükü və üzərində müəyyən edilmiş şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar istisna olmaqla, digər radioaktiv materiallar və radioaktiv material tərkibli əşyalar.
Qeydiyyatdan keçmiş baqajda daşınması qadağan edilən əşya və
maddələr
Partlayıcı və alovlanan, o cümlədən:
kapsul-detonatorlar;
detonasiya şnurları, zərbə və ya detonasiya kapsulları, fitillər, elektrodetonatorlar və odkeçirən qaytanlar;
dinamit, barıt və plastik partlayıcı maddələr (miqdarından və qablaşdırılmasından asılı olmayaraq);
minalar, qumbaralar və ya digər hərbi təyinatlı partlayıcı vasitələr;
pirotexniki vasitələr: siqnal və işıqlandırma raketləri, yağış raketləri, dumanaqarşı siqnallar, şaşkalar, tüstüverici vasitələr və tüstü patronları, partladılma işləri üçün kibritlər, benqal fişəngləri, dəmiryol petardaları;
dövriyyəsinə və daşınmasına icazəsi olmayan odlu silahların bütün növləri.
Litium batareyaları:
litiumun miqdarı 2 qramdan artıq olan litium-metal akkumulyatoru;
litiumun miqdarı 8 qramdan artıq litium-metal akkumulyatoru olan portativ tibbi elektron vasitələri;
enerji tutumu 160 vattdan yüksək olan litium-ion akkumulyatoru;
litium batareyaları olan portativ elektron siqaret qurğuları.
Alışqanlar:
sayı 5 ədəddən çox olan kibrit qutusu;
yanacaqla dolu yanacaq qurğuları;
tündlüyü 70 faizdən yüksək olan alkoqollu içkilər.
Texniki təlimatlarda sərnişinlər və hava gəmisinin heyətinin qeydiyyatdan keçmiş baqajında müəyyən şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar istisna olmaqla, digər radioaktiv materiallar və radioaktiv material tərkibli əşyalar.
Yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələr
Texniki təlimatlarla müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab verməyən təhlükəli yüklərin və kustar üsulla hazırlanmış partlayıcı qurğuların hava nəqliyyatı ilə yük göndərişlərində daşınması qadağandır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”na uyğun daşınması qadağan edilən əşya və maddələrin daşınmasına yol verilmir.
Qeydlər:
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələr dedikdə, qanunsuz müdaxilə aktlarının həyata keçirilməsi üçün istifadə oluna biləcək və ya hava gəmisində və onun bortunda olan sərnişinlərin və hava gəmisinin heyət üzvlərinin həyatına təhlükə yarada biləcək əşya və maddələr nəzərdə tutulur.
Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrlə bağlı baqajın yenidən yığılması məqsədilə hava limanlarında biletlərin qeydiyyatı prosesinə və baxış məntəqələrinə daxil olmalara məhdudiyyət yaratmayan xüsusi zona ayrılmalıdır.
Litium batareyaları olan portativ elektron vasitələr tam söndürülmüş halda daşınmalıdır.
Sərnişinlər hava limanları və hava gəmilərinin istismarçıları tərəfindən hava gəmisində daşınması qadağan edilən əşya və maddələr barədə rəsmi saytlarında və ya mediada, həmçinin qeydiyyat zamanı növbəyə duran sərnişinlərə hava limanının və ya hava gəmisinin istismarçısı tərəfindən məlumat verilməklə, hava limanlarında sərnişinlərin hərəkət marşrutlarında tablolar və lövhələr yerləşdirilməklə, yazılı və ya radioelanlar verilməklə, biletlər elektron alındığı hallarda biletdə qeydlər edilməklə, biletlərin aviakassadan alındığı hallarda isə aviakassaların işçiləri tərəfindən məlumat verilməklə məlumatlandırılır.