Güney Azərbaycanda türk adına görə körpəyə şəhadətnamə verilmir
05.08.2025

Ərdəbil əyalətinin Muğanşəhr (Parsabad) şəhərində bir ailə, yeni doğulmuş oğullarına Güntay adını verdiklərinə görə 100 gündür ki, şəhadətnamə ala bilmir. Bununla bağlı, uşağın atası Kamal Cavanşir "Balamın Adı" kampaniyasına danışıb.

Onun sözlərinə görə, aprelin 22-də dünyaya gələn oğluna seçdikləri ad dövlət qeydiyyat sistemində tanınmadığı üçün Muğanşəhr Qeydiyyat İdarəsi şəhadnaməni verməkdən imtina edib.

“Bir neçə gün öncə oğlum xəstələndi. Ancaq kimliyi təsdiq edən sənədi olmadığına görə xəstəxana onu qəbul etmədi. Dövlət səhiyyə mərkəzləri də müayinə aparmaqdan imtina edir. Özəl həkimə müraciət etdikdə isə sığorta keçmədiyindən bütün xərcləri öz cibimizdən ödəməli oluruq", – deyə ata bildirib.

Ekspertlərə görə, belə halların qarşısını almaq üçün “Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında” qanunun 20-ci maddəsinə dəyişiklik edilməli və valideynlərin övladlarına ad seçmək hüququ tam şəkildə təmin olunmalıdır.

visiontv.az