Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, indi Suriyanın Günəşi yenidən parlayır. Və yeni Suriyada hər şeyə münasibət dəyişdiyi kimi tarix dərsliklərinə, tarixlə bağlı məsələlərə, istilahlara münasibət də dəyişir.
Belə ki, bu günlərdə Suriya dərsliklərindən Osmanlı dönəminin əleyhinə olan ifadələr də çıxarılıb. Suriyanın Milli Təhsil Nazirliyi Bəşər Əsəd rejiminin süqutundan sonra tədris planında bir sıra dəyişikliklər edib, o cümlədən tarix dərsliklərində “Osmanlı işğalı dövrü” ifadəsi “Osmanlı hakimiyyəti dövrü” ifadəsi ilə əvəzlənib.
Yeni Suriya hakimiyyətinin İslam xilafətinin Osmanlı mərhələsinə bu cür yeni yanaşma tərzi təqdir olunası addımdır. Bunu konseptual dəyişiklik kimi qiymətləndirməliyik. Lakin əfsuslar olsun ki, bəzi "hərşeyşünas"lar hər şeyə neqativ yanaşdıqları kimi Suriya hökumətinin bu qərarına da "qulp" qoymağa başlayıblar.
Onların inkarçı məntiqinə görə, “Osmanlı işğalı dövrü” ifadəsinin “Osmanlı hakimiyyəti dövrü” ifadəsi ilə əvəzlənməsi onsuz da heç nəyi dəyişmir və Osmanlının işğalçılıq faktını da aradan qaldırmır.
Bu cür inkarçı məntiq (daha doğrusu, anti-məntiq), əslində, dönəmin tarixi proseslərinə səthi, dayaz yanaşmadan və istilahların məna yükünə, alt qatına varmamaqdan irəli gəlir.
Məsələ burasındadır ki, Osmanlı sultanlarının 16-cı əsrin birinci qərinəsində (ilk 25-30 ilində) indiki ərəb-müsəlman ölkələrini fəth etməsini bəzi tarixçilər, şərqşünaslar və politoloqlar işğal kimi təqdim edirlər. Hal bu ki, "fəth" (fütuhat) və"işğal" tamam fərqli anlayışlardır.
Hər iki söz ərəb kökənli olsa da, lakin "fəth" xilas etmək amacıyla sahiblənmə, "işğal" isə qəsbkarlıq məqsədilə zorakı şəkildə ələ keçirmək, zəbt etmək anlamını daşıyır.
Osmanlı dövlətinin məqsədi ərəb ölkələrini işğal etmək yox, Məkkeyi-mükərrəmə (şərəfli Məkkə) və Mədineyi-münəvvərə (nurlu Mədinə) kimi müqəddəs məkanları, eləcə də Xilafətin ilk paytaxtlarından biri olmuş Şam (Dəməşq) şəhərini həmin dövrdə ərəb dünyasında hökm sürən hərcmərclikdən, tənəzzüldən və talanlardan xilas etmək idi. 1516-1517-ci illərdə bu ərazilər Osmanlı hakimiyyətinin nəzarətinə keçəndən sonra ərəb çoğrafiyasında, o cümlədən Suriyada uzunmüddətli sabitlik bərqərar olub, Məkkənin və Mədinənin talan edilmələrinə son qoyulub, iqtisadi dirçəliş başlayıb. İslam dünyası özünün sonuncu Dirçəliş (Renessans) çağını məhz Osmanlıların hakimiyyət dönəmində yaşayıb.
Ona görə də Osmanlıya və müasir Türkiyə dövlətinə nifrət bəsləyən millətçi Əsəd rejimindən fərqli olaraq hazırkı Suriya keçid hökumətinin “Osmanlı işğalı dövrü” ifadəsini çıxarması tamamilə düzgün qərardır.
P.S.
Bu arada bir yandan İran, o biri yandan isə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyə ilə yeni Suriya hökumətinin münasibətlərinin pozulması üçün bütün vasitələrdən istifadə edəcəklər. Bir sözlə, əsrlər öncə olduğu kimi bu gün də bütün İslam dünyasının gələcək taleyi məhz Suriyada bəlirlənəcək.
Bəybala Mirzəyev
visiontv.az