Ermənistanın təxribatları Azərbaycan Ordusunun təhlükəsizlik zolağını dərinləşdirməsinə hərbi əsaslar yaradır
07.01.2025

1. Ermənistanın təxribatları Azərbaycan Ordusunun Laçın istiqamətində mövqelərini irəlilətməsinə, təhlükəsizlik zolağını dərinləşdirməsinə hərbi əsaslar yaradır. Çünki:

- Görünür ki, Ermənistan hakimiyyəti nə daxildəki müxalif qüvvələrin, nə də xarici güc mərkəzlərinin Azərbaycanın əleyhinə dönüş yaratmaqla bağlı ambisiyalarına tab gətirə bilmir,

- Bu, Azərbaycanın regional təhlükəsizlik naminə həm Ermənistanı revanşa hazırlayan kənar təsirlərə, həm də Ermənistanın daxilindəki “beşinci kolon”a qarşı vahid kalibrləşməsini aktuallaşdırır,

- Ermənistanın xilas kəməri Azərbaycanın strateji maraqlarına uyğunlaşmaqla düz mütənasibdir, əks təqdirdə isə, sərhəddə baş verə biləcək hadisələrin məsuliyyətini rəsmi İrəvan səbəb nə olursa-olsun özü daşıyacaq.

2. Nikol Paşinyanın sülh proqramına uyğun bəzən aydın, bəzən isə qeyri-müəyyən görünən səyləri var. Bununla belə, o, hələ də erməni ictimaiyyətini, siyasi elitanı, müxalif düşərgəni “Azərbaycanla müharibə olarsa, İrəvan üçün uğursuzluq olacaq” tezisinə tam inandıra bilmir. Buna görə də üç versiya üzərində dayanmaq mümkündür:

- Ya Paşinyan hərbi təxribatlara məqsədli şəkildə gedərək Ermənistanın silah arsenalının müharibə şəraitinə uyğunlaşdırılmasını nümayiş etdirir,

- Ya Paşinyan sərhəddə hərbi təxribatlara göz yummaq, bununla da Azərbaycanın mümkün cavablarının nəticələrini gözləməklə onun ətrafında konsolidasiya olmayan qüvvələri sərhəd döyüşlərinin İrəvan üçün ağırlığına inandırmağa çalışır.

- Paşinyan Ermənistandakı Avropa İttifaqı Missiyasının ömrünü uzatmağa çalışır.

Hər üç versiya üzrə yekun qənaət budur ki, Paşinyan regiondakı "barıt qoxulu proseslərə" Ermənistanı regional konfiqurasiyaya uyğunlaşdırmaq fürsəti kimi baxır – ya Azərbaycanın hərb variantının işə düşməsi ilə, ya da sülhlə (prosesə Zəngəzur dəhlizi üzərindən də baxmaq və təhlil etmək olar).

3. İstənilən halda, Ermənistanın Azərbaycanın təsir imkanlarını və güc vasitəsilə sülh yaratmaq potensiallarını həddən artıq qiymətləndirə bilmir. Qısası:

- Ermənistan tam anlamır ki, onun silahlandırılması İrəvan üçün himayədarlarının təqdim etdiyi yumşaq gücdür və o, regionda əks-balans yarada bilmək iqtidarında deyil,

- Ermənistan xarici istismarların müdaxilələri fonunda getdikcə təhlükəsizlik zəifliklərini getdikcə çoxaldır...

Aqşin Kərimov, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

visiontv.az