“Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir”
“Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir”
04.11.2024 Bəybala Mirzəyev Tərəfindən

AKP-nin iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını və terrorçuluq fəaliyyətlərini dayandırdığını elan etməsinə dair təklifinə müsbət münasibət bildirməsi gözlənilən idi.

Çünki bu təklif, bu ideya əslində Ərdoğanın öz təklifi idi, sadəcə olaraq MHP liderinin ağzıyla dövriyyəyə buraxılmış, ictimailəşdirilmişdi. Bu da bir siyasi texnologiyadır.

Ərdoğan öz partiyasının iclasındakı məlum çıxışında D.Baxçalını öyərək qeyd edib ki, “Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir”.

Türkiyənin dövlət başçısı daha sonra sözlərinə davam edərək bildirib ki, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: “Bu Cümhuriyyət türkün də, kürdün də Cümhuriyyətidir”.

Bəli, Ərdoğan bu məqamda haqlıdır, Türkiyə Cümhuriyyəti türklərlə bərabər kürdlərin də, lazların da, çərkəzlərin də, ələvilərin də cümhuriyyətidir, ölkəsidir. Lakin dinc kürdlərdən fərqli olaraq radikal kürdlər isə Ərdoğan kimi düşünmür. Onlar PKK-nın mövqeyini dəstəkləyirlər.

Odur ki, Ərdoğanın “ikinci kürd açılımı” planının və A.Öcalanın Baxçalının qeyd etdiyi formada azadlığa buraxılmasının hansı nəticələrlə sonuclanacağı tam olaraq bəlli deyil. Bu mənada Ərdoğan-Baxçalı tandeminin sözügedən planı Türkiyədə terrorun kökünün dinc yolla kəsilməsinə hesablansa da, amma eyni zamanda, kifayət qədər riskli plandır. Çünki terrorçuların bir hissəsi Öcalanın çağırışını eşidərək silahı yerə qoymağa razılaşsa da, bəzi PKK-çılar isə Öcalanı boykot edərək əvvəlki kimi terrorçuluq fəaliyyətini davam etdirə bilərlər.

Həmçinin Türkiyədə hüzurun, barışın və sabitliyin bərqərar olmasını istəməyən Fransa, ABŞ, İran, İsrail və s. kimi ölkələr də “ikinci kürd açılımı”nın uğursuzluqla nəticələnməsi üçün əllərindən gələni edəcəklər. Və beləliklə, sonucda “ikinci kürd açılımı” da birinci açılım təşəbbüsü kimi iflasa uğraya bilər.

Odur ki, Ərdoğan və Baxçalı bu açılıma start verməzdən öncə yüz ölçüb bir biçməlidirlər. Çünki hazırda dünyada geosiyasi təlatümlərin hökm sürdüyü və qlobal qütbləşmə prosesinin yaşandığı bir məqamda belə bir riskli addımın atılması Türkiyəni böyük fəsadlar və təhdidlərlə üz-üzə qoya bilər. Lakin Türkiyənin bu gün böyük risklərə girmək lüksü yoxdur.

Dünyada terrorun hər türlüsünün acısını çəkmiş və hər türlüsü ilə də mücadilə etməyə davam edən az sayda ölkələrdən biri zatən Türkiyədir. Və eyni zamanda bunu da unutmamalıyıq ki, bu gün PKK-nın arxasında onlarla dövlət dayanır. Bəzi ekspertlər isə hətta konkret olaraq 28 dövlətin bu və ya digər formada hazırda PKK-nı dəstəklədiyini bildirir.

Bu dövlətlərin bəzıləri ilə Türkiyə hətta müttəfiqdir və ya eyni ittifaqda, eyni blokda təmsil olunur. Heç kimə sirr deyil ki, Türkiyənin son illərə kimi ən yaxın müttəfiqi sayılan ABŞ da bu işin içindədir. Fransa və Almaniya da hakəzə. Eləcə də Avropa İttifaqının üzvü olan ölkələrin bir çoxu bu işin içindədir.

Ayrıca olaraq İran və bəzi ərəb ölkələri də PKK-nın arxasında dayanır. Hətta vaxtilə Liviya lideri Qəddafi də PKK-ya silah verdiyini özü etiraf etmişdi.

PKK ilə yanaşı, hazırda Türkiyədə 30-a yaxın irili-xırdalı terror örgütü, çeşidli radikal qrupları var. Əlbəttə ki, Türkyə dövləti bütün bunları neytrallaşdırmağın, silahsızlaşdırmağın və terrorun kökünü qazımağın bir yolunu mütləq tapmalıdır. Lakin tələsmədən. Yüz ölçüb, bir biçərək.

Bəybala Mirzəyev

visiontv.az