Bir dostum “Qohumum kod yazmağı öyrənmək istəyir. Bildiyin yaxşı bir müəllim varmı?” soruşdu. Cavabımı gözləmədən “28 yaşı var qızın, musiqi məktəbində skripka müəlliməsidir” deyib diqqətlə üzümə baxdı. Nə qədər təəccüb edəcəyimi, ona “Skripka hara, kod hara” deyəcəyimi gözləyirdi. Təəccüblənmədim, illərdir yazmırammı Dünya başqa Dünyadır artıq…
Kanadada çalışan riyaziyyatçı qohumum Adil Əliyevlə 2022-də “Alqoritmlərin Sirri” adlı bir kitab nəşr etdik.
Massaçusets Texnoloji İnstitutu – əfsanəvi MIT-nin professoru Tomas Kormenin kitabını “Azərbaycanlı uşaqlar da Ana dillərində kod oxusunlar” düşüncəsi ilə ərsəyə gətirdik.
Adil tərcüməni, mən də kitabın elmi redaktorluğunu götürdük üzərimizə.
Kitab 2022-də Bakıda 10 ay “Ən çox satanlar siyahısı”nda qaldı.
Bu kitab roman deyildi, fallar və bürclər haqqında deyildi, elmi kitab idi, dərslik idi.
Kitabımız belə rəğbət görəndə də təəccüblənmədim, bilirdim belə olacağını…
Kitaba giriş sözünü mən yazmışam. “Xəyalları kodlaşdırmaq” adlı o yazının ilk abzası belədir:
“Bir Türk dostumun oğlu Cerrahpaşa Tibb fakültəsinə qəbul olmuşdu. Arzusu göz həkimi olmaq idi. Elə 1-ci kursdan “kodlaşdırma” öyrənməyə başladı. Anası giley-güzar etdi ki, bundan həkim olmaz, bütün gün kompüterin başında “ilan-qurbağa” şeylər yazır. “Ən yaxşı həkim elə sənin oğlun olacaq”, – dedim ona”..
***
Nyu York Federal Ehtiyat Bankının 2023-cü il analizinə baxıram.
Məzun olduqdan sonra gənclərin qazanc və məşğulluq cədvəlləri çox maraqlıdır.
–STEM ixtisaslarından məzun olanların qazancları cədvəldə ən üst sıralardadır
–Onlar ildə 100 000 dollardan çox qazanırlar;
–Məşğulluq cədvəlində də üstünlük STEM ixtisaslarındadır –
onlar arasında işsizlik nisbəti ən aşağı göstəricidir – cəmi 4.6%.
Ən aşağı maaş alan və ən çox işsiz filologiya, fəlsəfə və incəsənət tarixindən məzun olanlardadır.
Amerikada bu ixtisasları adətən varlı ailələrin övladları seçirlər, çünki onlar üçün belə ixtisaslar pul qazanmaqdan çox hobbidir, əyləncədir –
“Nə də olsa ailəm mənə baxacaq” deyirlər…
***
Bəs bizdə necə?
Sovetdən qalan düşüncə indi də hökm sürür – nə olur olsun, yetər ki, diplom olsun!
Hansı təhsil sisteminin daha səmərəli olduğunu indi müzakirəyə çıxarmaq gülünç olar. Hər şey ortadadır çünki.
“Uşağımı rusca oxudum, Dostoyevskini orjinalda oxusun” deyən zehniyyət əvvəlcədən evladının gələcəyinin altına mina döşəyir…
Ancaq vəziyyət sürətlə dəyişir.
Artıq skripka müəlliməsi belə kod yazmağı öyrənir.
Gənclik çağa ayaq uydurmağa başlayıb.
TV-lər, radiolar, saytlar nə qədər çal-çağır modunda olsalar da bu nəsil silib-süpürməlidir Ətalət Dünyasını.
Yoxsa ki, çağla ayaqlaşmayan 4 il filologiya fakultəsinə gedib 4 ildən sonra indiki Digital Dünyada nə qayıracaq?
ChatGPT-yə bir ədəbi araşdırma tapşırığı ver, onun yazacağını bütün filologiya fakultəsi toplaşsa yaza bilməyəcək.
Əmin olun ki, belədir.
Bilirsizmi niyə?
Çünki mütəxəssislər deyirlər ki, indiki uşaqlar artıq qiraət etmir,
mətn mədəniyyəti vizual mədəniyyətlə əvəzlənir artıq,
yeni nəslə “Cinayət və Cəza”dakı cinayət işinin istintaqı maraqlı deyil artıq, bunun üçün 4 il universitetə getməyə nə hacət?
“Metaverse” var ikən, yəni Virtual Kainat ola-ola hansı gənc gedib real həyatın çürümüş, pis qoxan, kirli qəhrəmanlarına meyl edəcək indən belə, Fərdi kompüterlər, Artırılmış Gerçəklik (Augmented Reality) dura-dura, virtual mühitləri dəstəkləyən İnternetin hipotetik iterasiyası varkən niyə divana uzanıb Anna Kareninanın əzablarını oxusun indiki dəliqanlı?...
Baxın, pedaqoq deyiləm, əsla və əsla kiməsə ağıl vermək kimi niyyətim də yoxdur.
Ancaq problemin çox sadə yolunu bilirəm.
Məqsədim də yol göstərmək deyil, sizləri düşündürməkdir:
Məktəb proqramlarından başda ədəbiyyat olmaqla bütün humanitar dərsləri çıxarmaq lazımdır;
Çox istəyirsizsə həftədə 1-2 dərs verin, ancaq 7-ci sinfə qədər;
7-dən sonra bütün Təhsili 4 Sehrli Hərfin ətrafına toplamaq lazımdır – STEM !!!
S – Science (Elm);
T – Technology (Texnoloji);
E – Engineering (Mühəndislik);
M – Mathematics (Riyaziyyat).
STEM artıq bütün Dünyada bir Təhsil Fəlsəfəsidir!!!
***
100 il əvvəl tələbə dostumun Basin küçəsində qaldığı kirayə evinə getmişdim.
Ertəsi gün “Ehtimal Nəzəriyyəsi”ndən imtahanımız vardı.
Gördüm “Anna Karenina” oxuyur.
Dedim niyə hazırlaşmırsan imtahana, dedi ki, bu musiqi ilə riyaziyyat olar?
Bazar günü idi, günorta radioda “Muğam saatı” gedirdi.
Köhnələrdən biri bilməm neçənci pərdədən səsinin yoğun yerinə salmışdı:
“Xurşid cəmalından ol Ay saldı niqabın,
Sübh oldu, dur ey bəxt, nədir bunca şəkərxab?”
Açıqlaması belədir:
O Ay, günəş üzündən niqabını saldı,
Səhər olub ey bəxtim, artıq şirin yuxudan ayıl.
Lap çox keçib o illərdən.
Artıq heç Kamal da yoxdur həyatda.
Nur içində yatsın, həyatda olsa yəqin ki, yenə muğam dinləyib, tərki-məkan olacaqdı.
Bəlkə o da nəvələrini rus məktəbinə göndərəcək, onların sabahını düşünməyəcəkdi, yatacaqdı divanında şirin-şirin…
Biz, ümumiyyətlə, yuxudan ayılacağıqmı?
İbrahim Nəbioğlu
visiontv.az