Dahilər heç zaman qocalmır...
10.05.2024

Bu gün Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Görkəmli ictimai-ciyasi və dövlət xadimi, müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyev haqqında həm 1991-93-cü illərdə Baş redaktoru olduğum "Vətən səsi" qəzetində, həm də sonrakı illərdə bir sıra məqalələr və kitab yazmışam. Dövlətçiliyimiz üçün ən çətin dövrlər olan uzaq 90-cı illərdən bəhs edən "Dahilər heç zaman qocalmır" məqaləsindən bəzi fraqmentləri Ulu öndərun doğum günündə yeni nəslə xatırlatmaq yerinə düşərdi…

.Bəlkə də gənc polit-texnoloqların heç də hamısına tanış olmayan “Yaş senzi” ətrafında vaxtilə cərəyan etmiş qəribə olayları məhz indi xatırlamağımız yerinə düşərdi. Həm ona görə ki, mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günüdür; həm də ona görə ki, düz 13 il bundan əvvəl beləcə mülayim yaz günlərində bu görkəmli dövlət xadiminin yaşı ilə bağlı gedən qızğın mübahisələri yada salmağımız gənclərin tarixə, ictimai həyata, siyasi proseslərə və şəxsiyyətlərə düzgün qiymət verməsi baxımından daha bir örnək olardı.

...Bu gün müstəqil Azərbaycanda sabitlik hökm sürür, qurulu dövlət institutları işləyir, cəmiyyətdaxili proseslər beynəlxalq normalar əsasında tənzimlənir. Lakin xatırlayaq ki, cəmi on-on beş il öncə respublikamızda bunun tam əksini görərdik. Ölkədə heç bir elmi əsasa söykənməyən subyektiv idarəetmə ambisiyalarından irəli gələn xaotik mühit mövcud idi. Hər yanda nəzarətsizlik, naşılıq və anarxiya spontan baş verən hadisələrin arxasınca sürünürdü. Ali idarəedici və icraedici strukturlar demək olar ki iflic vəziyyətində idi. Planlı təsərrüfat sistemindən çıxıb yeni bazar iqtisadiyyatına keçməyin forma və metodlarını bilməyən yetkililər iqtisadi tənəzzülü katastrofik həddə çatdırmışdılar.

Demokratiyanın, fikir, rəy plüralizminin əsas göstəricisi olan azad söz təhlükəli basqılarla üzləşir, mətbuatda hər cəsarətli addım təpki ilə qarşılanır, insan hüquqları anlayışının mövcudluğu isə heç yada düşmürdü...

Belə bir mürəkkəb şəraitdə hər vətəndaş öz vicdanı müqabilində ölkə üçün qeyrəti, bacarığı çatan işi görməkdəydi. Çətinlikdən qorxub qaçanlar da vardı, xaricə guya uzunmüddətli “yaradıcılıq ezamiyyətinə” gedənlər də, başını itirib arada döyükənlər, nala-mıxa vuranlar da, künc-bucaqda baş girləyənlər də...

Adətən təsadüf nəticəsində əlinə xırda səlahiyyətlər keçirməklə özünə böyük iddialar yaraşdıran, danışanda ağzından “dürr” tökülən görməmişlər o mürəkkəb dövrün burulğanlarında ümumiyyətlə görünmürdülər...

Sadə əhali isə maddi və mənəvi sıxıntılar içərisində qurtuluş anını gözləməkdəydi.

...90-cı illərin əvvəllərindən xalqın azadlıq, özgürlük, demokratikləşmə hərəkatına dəstək verən müstəqil mətbu orqanlarla yanaşı, indiki “Ermənistan” adlanan doğma Türk torpaqlarından və sonra da külli-Qarabağdan rus-sovet və erməni koalisiyasının vəhşiliklə qovub çıxartdığı soydaşlarımızın ürəyini partladan haqq sözünü ucadan demək missiyası da bizim qəzetin (“Vətən səsi”) üzərinə düşmüşdü.

“Öncə-Vətəndir” devizi altında çıxan qəzetin əsas mövzularından biri də - ictimai şüura belə bir fikrin təlqin edilməsi idi ki, ölkəmizi düşdüyü bu ağır vəziyyətdən, xaos və uçurum təhlükəsindən yalnız və yalnız qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi, müdrik şəxsiyyət, Azərbaycan xalqının Atatürk timsallı böyük sərkərdəsi Heydər Əliyev xilas edə biləcəkdir! Onun hakimiyyətə qayıdışı labüddür!

Bu – xalqın arzusu, istəyidir! Və bu, doğma yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə azəri türkünün tələbidir!... Bu ideya sonralar geniş yayılan bir deyimlə qəzetin “manşetində” də daim öz əksini tapırdı: “Vətənə Atatürk gərəkdir!”

...1992-ci ilin yayında keçiriləcək prezident seçkiləri ərəfəsində, xüsusən yaza doğru siyasi mübarizələr daha da kəskin xarakter almışdı. Yeni Azərbaycanın gəlişinə hər vəchlə mane olmağa çalışanlar arsenallarında olan bütün silahları işə salmışdılar: şər, böhtan, iftira, yalan, məkr, hədə-qorxu, şantaj, silah, qoçu dəstələri və s. Ancaq azad, müstəqil, demokratik ölkə qurmaq istəyənlərin iradəsi keçmiş imperiya ambisiyaları ilə yaşayan çürüklərinin müqavimətindən qat-qat güclü idi. Bütün namuslu vətənsevər insanlar əmin idilər ki, uçurum kənarına gəlib çıxmış respublikamızı faciələrdən xilas etmək üçün yeganə qüdrət sahibi - böyük hakimiyyət təcrübəsinə malik görkəmli dövlət xadimi Heydər Əliyevdir. Və təcili olaraq onun Naxçıvandan Bakıya gələrək hakimiyyət sükanı arxasına keçməsindən başqa çıxış yolu yoxdur.

Get-gedə situasiyalar gərginləşirdi və prezidentlik xəyalı ilə yaşayan müxtəlif adamlar öz namizədliklərini irəli sürürdülər. “Uzaqdakı” ağsaqqal yada düşmürdü...

1990-93-cü illərdə Heydər Əliyev temasına nə qədər yasaq qoyulsa da və qəzetdəki materiallarımız iqtidar başçılarında nə qədər qəzəb doğursa da, yenə az saylı demokratik mətbuat bu böyük adı daim gündəmdə saxlayır, ictimaiyyət arasında Heydər Əliyev fenomeni haqqında əsil həqiqətləri yaymağa müvəffəq olurdu. Çünki iqtidardakı təmənnalı naşılarla bizim fərqimiz onda idi ki, biz həqiqəti deyirdik, obyektiv gerçəkliyi yazırdıq və Vətənin gələcəyini düşünərək vicdan naminə çalışırdıq...

...1991-92-nin o gərgin, keşməkeşli günləri arxada qalacaq, xalqın iradəsi hər cür qaragüruha qalib gələcək, uçurum qarşısında olan Azərbaycanın hakimiyyət sükanı görkəmli dövlət xadimi, müdrik şəxsiyyət Heydər Əliyevə etibar olunacaqdı. Və... qarşısını kəsmək istədikləri el ağsaqqalı gəlib bu eli-obanı xilas edəcəkdi.

Üstəlik yaşının ən müdrik çağlarında olan bu ali insan hələ daha on il də sərasər, gecəli-gündüzlü, yuxu bilmədən, yoruldum demədən, durmadan-dincəlmədən, gənc adamın belə dözməyəcəyi ağır, gərgin qrafiklə işləyəcək, sözün həqiqi mənasında öz həyatını canından artıq sevdiyi doğma yurduna, xalqına həsr edəcək, ölkədə azad, müstəqil, demokratik dövlət quraraq əbədiyyətə qovuşacaqdı...

Böyük şəxsiyyətlər zamanın fövqündə durduğu üçün Heydər Əliyev fenomeni də maneə tanımırdı, onun üçün yalnız mübarizlik, qələbə anlayışı vardı. O həyatı Qalib kimi də yaşadı!.. İndi azad, müstəqil, demokratik Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi hüquqi-siyasi-iqtisadi kursla stabil şəraitdə, sabit templə inkişaf etməkdə, dünya dövlətləri arasında öz layiqli yerini tutmaqdadır.

...Bu ilıq yaz günlərində qədirbilən Azərbaycan xalqı hər il olduğu kimi yenə də öz dahi oğlunun doğum gününü – 82 yaşını hərarətlə qeyd etmədədir. Və lap yüz il sonra da xalq özünün əbədiyaşar oğlunun doğum günün – yaşını fəxrlə qeyd edəcəkdir.

Çünki dahilər üçün “yaş senzi” olmur.

Dahilər heç zaman qocalmır...

Akif ƏLİ, Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist.

visiontv.az