Bu gün Real FM-in doğum günüdür: "Qərib Azərbaycan"lıların da təbriki var
Bu gün Real FM-in doğum günüdür: "Qərib Azərbaycan"lıların da təbriki var
10.05.2024 Şöhrət El-Dəniz Tərəfindən

Radio aparıcısı olmaq məsuliyyət tələb edir. Çünki tamaşaçı ilə yox, dinləyici ilə ünsüyyətdə olursan. Dinləyici isə tamaşaçıdan daha diqqətli, daha tələbkardır. Tamaşaçını mimikalarınla, görüntünlə, rəngəbərəng kadrlarla aldada bilərsən, fikrini mətndən yayındıra, dediyin sözləri ört-basdır edə bilərsən. Amma dinləyicini bu fəndlərlə aldatmaq mümkün deyil.

Dinləyici səni, mimikalarını, hərəkətlərini görmür. Yalnız səsinə qulaq asır. Yalnız səsin və dediyin sözlərlə dinləyicini radio dalğasında tuta bilərsən. Bu isə heç də asan deyil. Ciddi mövzulardan danışıb, dinləyicini razı salmaq isə daha çox intelekt və əziyyət tələb edir.

“Qərib Azərbaycan” verilişi Real FM-in layihəsidir. Dünyaya səpələnmiş 50 milyonluq azərbaycanlıların verilişidir. Müstəqil və Qalib Azərbaycan Respublikasının Güneyində, Qüzeyində, Qərbində yaşayan və yaxud yaşamış azərbaycanlıların səsidir, proqramıdır. Məsuliyyət tələb edən, dinləyici ilə öz dilində danışmağa məcbur edən, porblemlər dolu “Qərib Azərbaycan”lını ovundurmaq, ümid vermək, qalib və müstəqil vətənləri ilə fəxr etdirməyə sövq edən, inandıran bir verilişdir. Bu verilişdə 44 günlük savaşımızı, Qələbəmizi, Qarabağı yenidən qurub yaratdığımızı, Böyük Qayıdışa start verdiyimizi, Güney və Qərbi Azərbaycanda digər millətlərlə bir yerdə bərabərhüquqlu, dinc yaşayışımızı  sadə, amma fəxrlə izah etməyi bacarmaq lazımdır.

Bacarırıqmı?

Məncə bacarırıq!

Bunu bizə ünvanlanan fikirlərdən, sosial media üstündən yazılan xoş sözlərdən bilirik. Ümid yeri kimi baxdıqları Vətənin səsi hesab etdiklərindən dərk edirik. Niyə birdən birə özümüzdən danışdım. Bu gün Real FM-in 2 yaşı tamam olur. 2 il bayaq sadaladıqlarımı reallaşdırmaq üçün çox az bir vaxtdır. Amma Azərbaycanın elə bir tarixi dövründə yaşayırıq ki, 2 yaş sanki 100 yaşa bərabərdir. Çünki bu gün qalib gələn, tikən, qayıdan, yaradan, yaşadan bir Azərbaycan, bizim hər birimizi 100 yaşlı müdrikə çevirib.

Sözü daha uzatmıram.

Realı yaradanları, rəhbərlik edənləri, məni bura dəvət edib məsuliyyətli və şərəfli bir işi boynuma yükləyən Mir Şahini, Səbinə xanımı, müdir dediyim Aysel xanımı, Kəmalə xanımı, radionun texniki və digər yüklərini çiynində daşıyan Andrey müəllimi, məsuliyyətli, intelektli, gənc aparıcıları, müxbirləri, Vüsal bəy olmaqla "Səhərin sözü" verilişinin komandasını, yəni hamını təbrik edirəm.

Elə “Qərib Azərbaycan”lıları da! 

"Qərib Azərbaycan"lı Şöhrət El-Dəniz

visiontv.az