Avropada insan hüquqları bəhanəsiylə keçmiş İttifaq ölkələrini şantaj edənlərin hiyləgər taktikası var. Çalışırlar ki, ittihamçı kimi keçmiş SSRİ-nin şinelindən çıxan ölkələrin nümayəndələri olsun. Və ittihama məruz qalanları isə Avropadan və ümumiyyətlə heç kimdən asılı olmaq istəməyən dövlətləri seçirlər. Bu dövlətlərin sırasında Azərbaycan birinci yerdə gəlir.
44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa edən, iqtisadi, siyasi, hərbi baxımdan dövlətin bütün institutlarını işlək vəziyyətə salaraq Avropadan, Rusiyadan, ABŞ-dən və digər güclərdən asılılığını sıfıra endirən Azərbaycanın hədəfə alınmasının əsas səbəblərindən biri də budur. Kim Avropaya, ABŞ-ə itaət etmirsə müstəqil siyasət yürüdürsə deməli həmən dövlət qeyri-demokratikdir. Bu cür absurd və qərəzli yanaşmaya cəlb olunan dövlətlərin isə bu günkü mənzərəsini analiz etsək demokratiyadan çox faşizm ideologiyası üzərindən siyasət yürütdüklərinin şahidi olarıq. Bu günlərdə Avropa Şurası Nazirlər Komitəsinin hazırki sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Strasburqda AŞPA sessiyasında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə diqqət etsək Avropanın əlində oyuncağa çevrilən bir ölkənin müstəqil siyasət yürüdən digər bir ölkəyə qərəzli yanaşmasının şahidi olarıq. Özü də Qabrielius Landsbergis elə bir ölkəni təmsil edir ki, həm iqtisadi, həm siyasi baxımdan Avropanın xırda bir əyalətinə çevrilib. Ölkə Qərbdən gələn tezislərlə idarə olunur. Maraqlı tərəfi də odur ki, gələn tezislər liberal xarakterli yox faşizm ideologiyasının, milli ayrı-seçkiliyin, islamafobiyanın təməli prinsiplərinə söykənir. Necəki Avropa vaxtilə Ukraynada millətçi-faşizm ideologiyasını təbliğ və tətbiq edərək minlərlə qeyri-ukraynalını öldürdü, ölkədən qovdu, hüquqlarını məhv elədi, necə ki Ermənistanda Xocalı qatillərinə, separatçılara dəstək verərək, demokrat deyib yuxarı başda otuzdurdu, Azərbaycanın üstünə qışqırtdı, indi də Litvada eyni siyasət yürüdürlər. Heykəllər dağıdılır, kitablar yandırılır, faşist Almaniyasının simvolları ilə küçələrə çıxıb Litvada yaşayan digər millətlər alçaldılır, təhqir edilir və sair. Neçə ildir bu ölkədə yaşayan müsəlman icması Vilnüsdə bir məscid tikə bilmir. Rəsmi qurumlar icazə vermir. Və budur havadarları tərəfindən Avropa Şurası Nazirlər Komitəsinə sədr təyin olunan Litvanın xarici işlər naziri Qabrielius Landsbergis ölkəsində tətbiq edilən faşist ideologiyasını unudaraq birdən birə demokrat qanı cuşa gəlir və Strasburqda AŞPA sessiyasında Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməyə başlayır. Özü də Qərbin əlində oyuncağa çevrilən bu litvalı məmur birinci dəfə deyil burnunu başqa ölkənin daxili işlərinə soxur. Yadınızdadırsa başqa bir dövlətin xarici işlər naziri postunu tutan bu şəxs Tbilisidə keçirilən müxalifətin aksiyasında iştirak edərək Gürcüstanın daxili işlərinə müdaxilə etmişdi. Və rəsmi Tbilisi bununla bağlı Litvaya etiraz göndərmişdi. Görünür Landsbergis zəif Gürcüstanla Azərbaycanı səhv salıb. Amma anlamır ki, Azərbaycan özünə dost hesab etdiyi Litva ilə qarşıdurma istəmir və bu ölkəni mübarizə üçün çox zəif hesab edir. Azərbaycanın öz müstəqil siyasətini yürütmək üçün mübarizə apardığı ölkələr Landsbergisin babadayıları olan ABŞ, Fransa, Niderland, Almaniya kimi dövlətlərdir. Landbergis isə Qərbin qərəzli sifarişini icra etməklə, faktiki olaraq, Litva-Azərbaycan münasibətlərinə problem yaradır. Bu problemdən əziyyət çəkən isə biz olmayacağıq elə Litvanın özü olacaq.
Şöhrət El-Dəniz
visiontv.az