Son zamanlar Sünqon Mis Mədənindən çıxan zəhərli maddələrin Alıqna çayına daxil olması nəticəsində suyun rəngi dəyişib və bölgədə ekoloji narahatlıqlar artıb.
Bu çay Xoynerud, Kələsur, Ağamirlu, Həsənbəylu, Dəmirçi və Musakənd kimi kəndlərdən keçərək, hazırda təhlükəli tullantılarla çirklənməkdədir və bu, yerli sakinlərin sağlamlığına və ekosistemlərə ciddi təhlükə yaradır.
Qaradağ bölgəsi zəngin təbii ehtiyatları və müxtəlif meşə örtüyü ilə Azərbaycan üçün vacib ekoloji ərazilərdən biridir. Lakin Sünqon Mis Mədəninin fəaliyyəti bu bölgəni ciddi şəkildə təhdid edir. Kimyəvi və zəhərli maddələrin su və torpağa daxil olması bitki və heyvan aləminə güclü təsir göstərir və biomüxtəlifliyin azalmasına səbəb olur. Bu vəziyyət davam edərsə, Qaradağın təbii ekosistemlərinə geri dönməz zərər vurulacağı gözlənilir.
Sünqon Mis Mədəni Vərzəqan dünyanın ən böyük mis mədənidir və İranın mis istehsalının 60%-i bu Azərbaycan mədənindən təmin olunur. İran hökuməti bu mədəndə mis külçəsinin istehsalına mane olur və torpaq xammal olaraq Kirmana daşınaraq orada mis külçəsinə çevrilir. Bu mədənin gəliri isə Azərbaycanın deyil, İranın mərkəzi vilayətlərinin, əsasən fars əyalətlərinin büdcəsinə yönəldilir, yerli azərbaycanlılar isə bu fəaliyyətlərin ekoloji nəticələrindən əziyyət çəkir.
1403-cü ilin Ordibehişt ayında, İran Məclisinin Kəleybər nümayəndəsi Bəhnam Rızvani, Sünqon Mədəninin Azərbaycan torpaqlarından Kirmana daşınmasını tənqid edərək bildirmişdi ki: “Azərbaycan torpaqlarına məxsus olan Sünqon Mis Mədəni ildə 80 min milyard tümən gəlir gətirir və bu məbləğ Kirmana axır.”
visiontv.az