Ağdam şəhər 1 nömrəli tam orta məktəbinə media-tur təşkil olunub.
Visiontv.az xəbər verir ki, media-turda iştirak edən jurnalistlərə 960 şagird yerlik məktəb barədə məlumat verilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli bildirib ki, binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

