...Cəmiyyəti, təbiəti dəyişdirmək, hamıya ağıl öyrətmək istəyirlər... Amma öz eyiblərini görmürlər, özlərini dəyişdirə bilmirlər, həyatın qanunlarına, cəmiyyətin qaydalarına uyğun yaşaya bilmirlər, yaşamaq istəmirlər...
Adam var ki, oğurluq-doğruluqla pul yığır, neçə ev yıxır, amma gedib Hacı olur, gəlib deputat olur. Televiziyaya mətbuata çıxır, deyir "mən yaxşılıq edəndə, kimə isə əl tutanda, fəxr edirəm, Allaha dua edirəm"...
Yaxşı yadımdadır, bizim bir kəndçimiz vardı, yaxşı adamdı. Əsgər oğlu I Vətən müharibəsində əsir düşmüşdü, ermənilər külli miqdarda pul istəyirdilər. Qohum-qardaş, kəndçilər bir az yığıb düzəltmişdik, bir az çatışmırdı. Kəndçimiz həmin hacı-deputata müraciət etdi, ümumi tanışları vardı. Hacı onu bir il get-gələ saldı, bir qəpik qıymadı. Adam evini satdı, oğlunu əsirlikdən çıxartdı... Hacı isə, ölənə kimi xeyirxahlıqda, yaxşılqdan danışdı...
İnanın Allaha, adam tanıyıram, neçə oğlu var, birini də Qarabağ müharibəsinə göndərməyib. Birini "oxuyur" deyib saxlayıb, o birini xaricə qaçırıb, üçüncüsünə neçə min pul verib, "şikəstlik" kağızı düzəldib. Amma utanmır, ayıb-əcəb qanmır, elə indi də Feyzdə gündə bir şəhid şəkli qoyur, mərsiyə oxuyur, "timsah göz yaşları" axıdır. Hətta deyir "bu şəkilləri paylaşmağı məndən şəhid ailələri – analar, bacılar xahiş edir"...
Adam var, 5 arvad boşayıb, hər arvaddan da bir uşağı qalıb, adam da var, heç ailə qurmayıb, "azad məhəbbət" həyatı yaşayıb... Amma utanmırlar, qızarmırlar, məlum TV- lərdə məlum aparıcıların verilişlərinə çıxırlar, cəmiyyətə ailə qurmaqdan, namusdan, abır-həyadan, uşaq böyütməkdən, tərbiyə verməkdən danışırlar. Eyni səviyyədə və vəziyyətdə olan aparıcı da bunların yanında gəzir, arabir söz atıb məzələnir. Qəribədir, bu adamlar, heç olmasa axşamlar güzgüyə baxmırlar?!
Adamlar da var evdə, ailədə doğmaları ilə yola gedə bilmir, işdə yoldaşları ilə normal münasibətlər qura bilmir, hamı ilə mehriban düşmən vəziyyətindədir. Adi mağazaya girir, taksiyə minir, hər yerdə mübahisə edir, heç kimlə razılığa gələ bilmir. Amma bu adamlar qəzetlərdə çıxış edirlər, məktəblərdə dərs deyirlər. Hamıya ağıl öyrədirlər, hamıya yol göstərirlər... Bəli, belədir adam sürüsü...
Qalib ARİF
visiontv.az