“Xarıbülbül” Azərbaycan Vizyon Teatrı Türkiyədə yeni layihəyə başlayır
11.03.2024

“Xarıbülbül” Azərbaycan Vizyon Teatrı Türkiyədə yeni layihəyə başlayır

Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi yeni layihəyə start verir. Layihə çərçivəsində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 və görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyləri qeyd ediləcək.

Bununla bağlı  AZƏRTAC-a eksklüziv müsahibə verən teatrın rəhbəri Kəmalə Kamal Cabbarova layihə barədə danışıb.

“Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin nəzdində yaradılan Azərbaycan teatrının artıq doqquz ildir Türkiyədə fəaliyyət göstərdiyini xatırladan Kəmalə Kamal deyib: “Birliyimizin əsas məqsədi Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini Türkiyədə daha çox və daha geniş tanıtmaqdır. Bu məqsədlə biz tamaşalarla yanaşı sərgilər, yaradıcılıq gecələri, görüşlər təşkil edir, sənədli filmlər çəkirik. Burada məqsədimiz ölkəmizə xidmət etməklə yanaşı, iki qardaş ölkə mədəniyyətini bir dam altında birləşdirməkdir. Elə bu səbəbdən də kollektivimizdə həm azərbaycanlılar, həm də türklər var. Belə olduğu halda mədəniyyətin qarşılıqlı tanıdılması da asanlaşır. Hazırda biz “Mehtaplı gecə” layihəmiz üzərində çalışırıq. Uzun zamandır bununla bağlı iş gedirdi. Layihənin ilk iki proqramını da Prezidentimiz İlham Əliyevin imzaladığı sərəncamlardan irəli gələrək hazırlayırıq. Azərbaycan Diasporuna Dəstək Fondunun bizə göstərdiyi dəstəklə ərsəyə gələn layihə çərçisində Məhəmməd Füzuli və Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan sənədli filmlər hazırlanacaq, sərgilər və teatrlaşmış tədbirlər keçiriləcək. İlk mərhələdə Azərbaycanın dahi şairlərindən olan Məhəmməd Füzuliyə həsr edilən tədbirlər keçiriləcək”.

Onun sözlərinə görə, tədbirlərə dəvət olunacaq qonaqlara xüsusi diqqət ayrılacaq: “Fikrimcə, hədəflərimizə çatmaq üçün bu, çox vacibdir. Biz burada hansısa tədbiri keçirmək deyil, məqsədə çatmaq istəyirik. Əsas məqsədimiz isə dediyim kimi, ölkəmizi həm Türkiyə, həm də bu ölkədə qonaq olan digər ölkə vətəndaşlarına tanıtmaqdır. Dövlətimiz tərəfindən göstərilən bu dəstəyə və etimada görə minnətdaram. Layihənin uğurlu alınacağına inanıram”.

Layihənin ərsəyə gəlməsində Kəmalə Kamal Cabbarova, Lətafət Ramazanova, Minə Bayrakeri, Elçin İmanov, Bəhram Afsalov, Süleyha Kara, Bülent Altay, Engin Aybirdi, Tamilla Cabbarova, Yunus Soyupək iştirak edirlər.

visiontv.az