Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün bayram tədbirləri keçirilib
27.12.2023

Nizami kino mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi və Sağlam Həyatın Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibəti ilə Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirləri keçirilmişdir.

Tədbirdə ƏƏSMN tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bakı Şəhəri üzrə İdarəsinin müdiri Raqif Zamanov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin mətbuat katibi  Aytən Dadaşzadə, valideyn və uşaqlar iştirak etmişdir. 

200 nəfəri əhatə edən və dörd hissədən ibarət olan tədbirdə müxtəlif personajların ifasında rəngarəng oyunlar təşkil olunmuşdur. 

Valideynlər şəhid ailələrinə və müharibə iştirakçılarına, eləcə də  fiziki məhdudiyyətli uşaqlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Visiontv.az