Tehranda idman yarışında milli şüarlar səsləndirildi
28.03.2024

Güney Azərbaycanın Urmu şəhərinin "Şəhrdari" voleybol komandası İranın Voleybol Premyer Liqasının final oyunları çərçivəsində Yəzd şəhərinin "Şəhdab-i Yəzd" komandası ilə qarşılaşıb.

Tehranda keçirilən qarşılaşmada azərbaycanlı tərəfdarlar Urmu komandasını dəstəkləməklə yanaşı milli şüarlar səsləndirib, milli məzmunlu şüarlar yazılan bannerlər açıblar.

"Gözlərin aydın olsun Azərbaycan", "Urmu Azərbaycanın ürəyidir" şüarları səsləndirən tərəfdarlar, eyni məzmunlu plakatlar qaldırıblar.

Oyundan sonra azərbaycanlı azarkeşlər idman kompleksinin qarşısında Azərbaycan rəqsləri edib, mahnılar səsləndirərək Urmu komandasının qələbəsini bayram ediblər.

Qeyd edək ki, bundan əvvəlki oyunda Yəzd komandasını 3-1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi, dünənki qarşılaşmada 3-2 hesablı qələbə çalıb.

Bu qələbədən sonra "Şəhrdari" komandası finala yüksəlib və ölkə birinciliyi uğrunda Kirman əyalətinin Sircan şəhərinin "Fulad" komandası ilə qarşılaşacaq.

visiontv.az