Ötən həftə ABŞ Senatının üzvü Tom Kotton Federal Təhqiqatlar Bürosunun direktoru Kaş Patelə və Müdafiə naziri Pit Heqsetə məktub yazaraq ölkənin kəşfiyyat strukturlarında fəaliyyət göstərən İran casusları ilə bağlı araşdırma aparmağa çağırıb. Senator ABŞ-nin milli təhlükəsizliyi ilə əlaqəli məlumatların düşmən xarici dövlətə ötürülməsi ehtimalını vurğulayaraq, Amerika vətəndaşı olan şəxslərin düşmən dövlətin maraqlarına xidmət etmək üçün ölkənin siyasətinə təsir göstərə bilməsi ilə bağlı narahatlığını ifadə edib.
Bu barədə “Nyu-York post” qəzetinin eksklüziv məlumatında bildirilib. Qəzetin yazdığına görə, senatorun məktubunda “İranlı Ekspertlər Təşəbbüsü” adlı təşkilatın qurucu üzvü Ariyən Təbatəbayinin adı xüsusi qeyd olunub və bildirilib ki, o, Baydenin prezidentliyi dövründə Dövlət Departamentində rəhbər vəzifədə çalışıb və hal-hazırda Pentaqonda siyasi məsələlər üzrə baş məsləhətçi kimi işləməkdə davam edir.
“Bayden administrasiyası “İranlı Ekspertlər Təşəbbüsü” və İran hökuməti ilə bağlı olan məmurları işdən azad etmək barədə respublikaçıların dəfələrlə etdiyi çağırışılara məhəl qoymadığı üçün indi Federal Təhqiqatlar Bürosu və Müdafiə Nazirliyi bu səhvi düzəltməlidir” – deyə, senator öz məktubunda bildirib. Müdafiə Nazirliyinin nümayəndəsi “Nyu-York post”a açıqlamasında senatordan bu məzmunda məktub aldıqlarını təsdiqləyib və bildirib ki, məktubun cavabı birbaşa senatorun ofisinə təqdim olunacaq. Qeyd edək ki, keçmiş hərbçi olan Tom Kotton Respublikaçılar Partiyasının ən nüfuzlu üzvlərindən biridir və Senatın kəşfiyyat üzrə komitəsinə rəhbərlik edir, bu üzdən onun İran casusları barədə dediklərinin, o cümlədən Ariyən Təbatəbayiyə yönəlik ittihamlarının, necə deyərlər, havadan götürüldüyünü düşünmək olmaz.
visiontv.az