Rusiyada müğənni Diana Loqinovanın həbsi bitəndən sonra da azadlığa buraxılmayıb
12.11.2025

"Stoptime" küçə qrupunun vokalçısı Diana Loqinova (Naoko) noyabr 10-da səhər ardıcıl ikinci inzibati həbsi bitəndən sonra azadlığa buraxılmayıb. O, Sankt-Peterburqda 13 sutka saxlandığı xüsusi təcridxanadan çıxanda yenidən saxlanılaraq polis şöbəsinə aparılıb. Bu barədə "Slovo Zaşite" layihəsi xəbər yayıb.

Bir gün öncə "Stoptime" qrupunun gitaraçısı, Loqinovanın nişanlısı Aleksandr Orlov da həmin mərkəzdən polis şöbəsinə aparılıb. Qrupun üçüncü üzvü, barabançı Vladislav Leontyev isə noyabrın 10-da səhər ikinci inzibati həbs müddəti bitincə azadlığa buraxılıb.

Üç musiqiçi oktyabrın ortalarında ictimai yerdə insanları kütləvi toplayaraq ictimai asayişi pozmaq maddəsi ilə saxlanılıb. Sonradan onlara eyni maddə ilə təkrar inzibati həbs cəzası kəsilib.

Loqinova və Orlovun yenidən saxlanılma səbəbi rəsmi açıqlanmayıb. Sankt-Peterburq mediası bir gün öncə Loqinova barəsində "ordunun nüfuzdan salınması" ilə bağlı inzibati protokolun məhkəməyə təqdim edildiyini yazıb. Daha öncə onun haqqında iki belə protokol tərtib edilib.

"Stoptime" musiqiçiləri Sankt-Peterburq küçələrində tanınmış rusiyalı ifaçılar – Monetoçka, "Noize MC" və Zemfiranın mahnılarını ifa edirdilər. Rusiya hakimiyyəti bu müğənniləri "xarici agent" elan edib. Ancaq "Stoptime" işi "xarici agent"lərin musiqisinin ictimai yerdə ifasına görə təqibin baş verdiyi ilk hadisə sayılır.

visiontv.az