Qonşu dövlətdə müharibənin olması yaxşıdır, ya pis?
Qonşu dövlətdə müharibənin olması yaxşıdır, ya pis?
15.04.2024 Bəybala Mirzəyev Tərəfindən

İranın aprelin 13-dən 14-nə keçən gecə İsrailə qarşı təşkil etdiyi dron və raket “yağış”ına münasibətimiz necə olmalıdır?

Bəziləri “qonşu dövlətdə müharibənin olması pis haldır. Kim nə qədər inkar etsə də, əgər müharibə uzansa bizə də təsirsiz ötüşməyəcək” məntiqindən çıxış edərək İran və İsrail arasında nə qarşıdurmanın, nədəki savaşın olmasını istəyir. Bəziləri də deyir ki, biz bu məsələdə tərəf tutmamalıyıq.

Əlbəttə, heç bir normal insan qonşu dövlətlərdə müharibənin olmasını istəməz və istəmir. Lakin hörmətli normal insanlarımız onu da nəzərə almalıdırlar ki, axı bizim qonşularımızın bəzisi normal qonşu deyil. İran isə ümumiyyətlə anormal və yaramaz qonşudur.

Bəli, İran bizim üçün olduqca problemli, narahat ölkədir. Daha doğrusu, potensial təhlükə mənbəyidir. Bu ölkənin ərazisində müharibə olsa da, olmasa da, Azərbaycan onsuz da bu ölkənin varlığından, bu ölkənin təxribatçı addımlarından, düşmən mövqeyindən daim əziyyət çəkir. Ona görə də, “qonşu dövlətdə müharibənin olması pis şeydir” deyənlər bu epizodda yanılırlar. Əksinə, biz İranın müharibəyə sürüklənməsində və həmin müharibəni uduzub bir dövlət kimi çökməsində, parçalanmasında, siyasi səhnədən silinməsində maraqlı olmalıyıq. Bu gün İsrail buna can atırsa, o zaman biz də bu və ya digər formada İsraili dəstəkləməliyik.

Ümumiyyətlə, bütün hallarda (yəni ki, İsrailin, ABŞ-ın və ya ərəb ölkələrinin İrana qarşı nə vaxtsa müharibəyə başlayıb-başlamayacağından asılı olmayaraq) Azərbaycan İranın bir dövlət kimi zəiflədilməsində, sıradan çıxarılmasında maraqlı olmalıdır və bunun üçün ən müxtəlif vasitələrdən istifadə etməlidir. Biz rəsmi Tehranın uzun illərdir Azərbaycan əleyhinə yürütdüyü qərəzli siyasəti, onun birmənalı olaraq Ermənistanı dəstəkləməsinii, öz ərazisindən Ermənistana silah daşınması üçün tranzit kimi istifadə edilməsinə icazə verməsini unuda və cavabsız qoya bilmərik.

İran əvvəl-axır bütün bu yaramaz əməllərinin bədəlini hansısa bir şəkildə ödəməlidir. Bizim müstəqilliyimizi təhdid edən, həddini aşaraq bizi həyasızcasına “Bakı Respublikası” adlandıran molla rejimi yerində oturdulmalıdır. Bu mənada biz bu gün İranın qarşısında olanların yanında yer almalıyıq. Başa düşməliyik ki, molla rejimi bizim yürütdüyümüz “Azərbaycan qonşuluğunda müharibə istəmir” xəttimizi heç vaxt layiqincə qiymətləndirməyib. Odur ki, biz indiki xəttimizi, kursumuzu dəyişməliyik. Və mollalar da hiss etməlidirlər ki, biz İran kimi bədxah qonşularımızda müharibənin olmasını istəyirik. Bir sözlə, biz dişli siyasət yürütməliyik.

Bəybala Mirzəyev

visiontv.az