Qərblinin hədəfi Marsa insan göndərməkdir, arvad-uşaq söhbəti yarımçıq dünya düşüncəsinin mirasıdır
19.07.2025

Bir xeyli din təəssübkeşi dil boğaza qoymadan Qərb mədəniyyətini tənqid və təhqir edir.

Əlbəttə, hər bir mədəniyyət kimi Qərb mədəniyyətinin də nöqsanları var və Qərb aydınları özləri də bu nöqsanları daha detallı təhlil və tənqid edirlər.

Qərbin müsəlmanın tənqidinə ehtiyacı yoxdur, ona görə ki, müsəlman dünyasında Qərbi Husserl, Nitsşe, Kundera və s. səviyyəsində tənqid edə biləcək fikir adamları yoxdur.

Qərb mədəniyyətini bütövlükdə aşağılamaq muzdurluqdur. Hər şeydən öncə ona görə ki, Qərb mədəniyyəti olmasaydı, dünya hələ də müsəlmanın beynində Çindən başlayıb Atlantik dənizinin şərq sahillərindən ibarət bir yer olacaqdı.

Hər şeyin yazıldığı Quranda dünyanın tən yarısı yoxdur. Allah inklərin, mayyalıların, asteklərin varlığı haqqında heç bir şey söyləmir, çünki özü də onlar haqqında heç bir şey bilmir.

Quranın dünyası yalnız Şərq yarımkürəsindən ibarətdir.

Dünyanı ilk dəfə bütövləşdirən və bütöv olaraq qavrayan Qərb mədəniyyəti oldu. Qərb dənizçilərinin sayəsində bizim inandığımız allah da özünün yaratdığı dünyanın ilk dəfə bütöv bir kürə şəklində olduğunu gördü. İnklərin, asteklərin, mayyalıların onun iştirakı olmadan yüz illər boyu yaratdıqları mədəniyyətləri tanıdı.

Allahın ayağını dünyanın tən yarısına qərblilər açdılar.

Yaşadığımız dünya tablosunun müəllifi qərblidir. Hindlinin, müsəlmanın, çinlinin dünyası üç qitədən ibarət bir yer idi. Hətta şərqlinin metafizik əraziləri də bu üç qitəylə bitirdi.

Allahın öz kitabları vasitəsilə bizim beynimizdə yaratdığı dünya natamam dünya idi, o dünyanı qərbli tamamladı.

Bu gün də dünyanın kainatdakı natamamlığını tamamlamaq iddasındadır.

Qərb əxlaqının problemləri də məişət mövzularına çox əhəmiyyət verməməsinin nəticəsidir.

Məişət Qərb əxlaqının zəif yeridir. Qərblinin hədəfi Marsa insan göndərməkdir, arvad-uşaq söhbəti yarımçıq dünya düşüncəsinin mirasıdır.

Aqşin Yenisey

visiontv.az