"Proseslər dəyişəcəkmi? Tramp dəhlizi və ya Zəngəzur dəhlizi haqqında"
17.09.2025

“İran diplomatiyası” saytında çıxan məqalədə avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmanın bölgədə yeni geosiyasi reallıqlar və bu kontekstdə müzakirə olunan Zəngəzur dəhlizi (və ya saytda adlandırıldığı kimi, Tramp dəhlizi) dəyərləndirilib.

Yazıda bildirilir ki, 30 ildən artıq davam edən münaqişənin bu mərhələdə başa çatması Amerikaya bölgədə mövcudluğunu gücləndirmək üçün fürsət yaradır. Xüsusilə Rusiyanın Ukrayna müharibəsi və İranın İsraillə artan gərginlik fonunda zəifləyən təsiri nəzərə alınaraq, Vaşinqtonun regionda geoiqtisadi və strateji maraqlarını həyata keçirdiyi vurğulanır.

Sülh, yoxsa maraq razılaşması?

Xəbər portalı sülh razılaşmasını sadəcə hərbi-siyasi barışıq kimi deyil, “maraqların sövdələşməsi” kimi qiymətləndirir. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə ABŞ-nin bölgədə 99 illik güzəşt əsasında tranzit və enerji infrastrukturuna nəzarət edəcəyi bildirilir. Qeyd olunur ki, bu dəhliz təkcə Bakı ilə Naxçıvanı birləşdirmək deyil, həm də Amerika-Türkiyə-Azərbaycan xəttində enerji və ticarət axınını möhkəmləndirmək məqsədi daşıyır.

Məqalədə İranın maraqlarına toxunacaq bir neçə iddia və narahatlıq diqqət çəkir:

• İran, Zəngəzur dəhlizinin işə düşməsini özünün regional nəqliyyat üstünlüyünə qarşı yönəlmiş addım kimi təqdim edir;

• Amerikanın bölgədə enerji və nəqliyyat şəbəkələrinə çıxış əldə etməsi İran tərəfindən “siyasi hegemonluq” cəhdi kimi dəyərləndirilir;

• Dəhliz boyunca “xarici təhlükəsizlik şirkətləri”nin yerləşdiriləcəyi iddia edilir, bu da İran tərəfindən birbaşa təhlükə kimi təqdim olunur.

“İran diplomatiyası” yazır ki, sazişin imzalanması İran üçün əlverişsiz vaxtda baş verib. İsraillə və Qəzza ilə bağlı artan gərginlik fonunda ABŞ-nin Cənubi Qafqazda təsirini artırması, İranı daha sərt mövqe tutmağa sövq edə bilər. Lakin bu sərt mövqe bölgədə sabitlik üçün deyil, daha çox İranın geosiyasi maraqlarının qorunmasına yönəlib.

Məqalə hər nə qədər dərin təhlil təsiri bağışlasa da, İranın regional layihələrə, xüsusən də Zəngəzur dəhlizinə qarşı qərəzli mövqeyini və daxili narahatlıqlarını əks etdirir. ABŞ vasitəçiliyi ilə əldə edilmiş sülh razılaşması Cənubi Qafqaz üçün yeni imkanlar yaratsa da, Tehran bu prosesi öz təsir dairəsinə təhdid kimi dəyərləndirir və bu fonda real əməkdaşlıq əvəzinə, qarşıdurma yönümlü ritorika sərgiləyir.

visiontv.az