İran Prezidenti Məsud Pezeşkian bu gün Tehranda "Qüds günü" adı altında İsrailə qarşı keçirilən aksiyaya qoşulub. Bu barədə yerli media məlumat yayıb.
Prezidentin qoşulduğu aksiyada İsrailə qarşı şüarlar səsləndirilib, yəhudi dövlətinin yer üzündən silinməsini tələb edən plakatlar qaldırılıb.
Sosial media fəalları və müstəqil jurnalistlər, aksiyaya azyaşlı uşaqların, məktəblilərin cəlb edildiyini bildiriblər.
Bununla yanaşı bildirilib ki, əhalinin mitinqlərə rəğbət göstərmədiyi üçün hökumət dövlət idarələrində işləyənləri, öyrənciləri və bu ölkədə dini təhsil alan xarici vətəndaşları məcburi olaraq aksiyalara cəlb edib.
Sosial şəbəkələrdə yayılan video və fotolardan hökumətin bütün cəhdlərinə baxmayaraq bu gün səhər saatlarından başlayan mitinqlərdə iştirakçıların az olduğu və aksiyaların sönük keçdiyi görünür.
Qeyd edək ki, ilk dəfə 1982-ci ildə Ruhullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək və İsrailin məhv edilməsi tələbi ilə İsrailə qarşı mitinq keçirilib.
O vaxtdan İranda, Livanda və bir neçə başqa ölkədə İranın maliyyələşdirdiyi və ələ aldığı qruplar hər il Ramazan ayının sonuncu cümə günü bu cür aksiyalar keçirir, İranın siyasi-ideoloji müharibəsinə dəstək verirlər.
visiontv.az