Peyğəmbər Əhli Beyti bu gün İran fars rejiminin əsirliyində işgəncə altındadır. O əsirləri təhqir edir, istədiyi çirkin əməllərinə alət edir, onların müqəddəs obrazını və adını terror təşkilatlarına qalxan edir, anti-müsəlman siyasətinə çevirir.
Əsl mötədil şiəliyi istismar edərək təhrif etməklə radikal və terrorçu təşkilat sifətində təqdim etməyə çalışır. İranda müsəlmanlar iki cəhətlə dindən çıxır. Biri rejim tərəfdarlarıdır ki, təhqir edilərək siyasiləşmiş ideoloji xətti din zənn edirlər, halbuki əsl dindən çoxdan uzaqlaşdıqlarını özləri də bilir. Digəri də sadə xalqdır ki, rejim onları din adı ilə o qədər sıxıb ki, onlar da artıq bezib, iyrənib rejimlə birgə dinə də nifrət edirlər. Sanki dini, rejimin xalqa qarşı işgəncə aləti kimi qəbul edirlər. Təbriz əsilli Ayətullah Şəriətmədari 1979-cu ildə ona görə demişdi ki, gəlin dini siyasətə qatmayaq, sabah hakimiyyət dəyişəndə din də hakimiyyət ilə birgə aradan getməsin. Lakin rejim onu sadəcə məhv etdi.
Beləcə İran rejimi İslamı içindən xarab etməklə əslində şiəliyi də məhv edir. Pakistan və Hindistandakı İsmaili, Ələvi Buhra şiələrini, Suriya və Türkiyədəki Ələviləri, Yəməndəki Zeydiləri də mötədil şiəlikdən uzaqlaşdırıb siyasiləşdirir, radikallığa, ekstremizmə cəlb edir.
Ölkəmizdə də daxil bütün müsəlman ölkələrində buna ciddi səy göstərir. Şiəliyi təhrif edərək parçalayan məhz fars rejimidir. Onun üçün din, məzhəb, Əhli Beyt maraqlı və önəmli deyil. Ona maraqlı olan bu dəyərləri əldə alət edib Sasani fars kimliyinə geri dönmək, ən azı ideoloji sərhədlərini bərpa etməkdir. Digər müsəlmanlara savaş açmaq üçünsə onun bundan başqa yolu yoxdur. Mütləq təfriqə, nifaq və İslamı içindən dağıtmaq, şiəliyi istismar edərək radikallaşdırıb bəzi sadəlövh mənsublarını Yəməndə, Suriyada, İraqda qırğına vermək, sonra da bundan isifadə edərək təxribat yaratmaq.
Vəhhabi cərəyanı, Feto şəbəkəsi necə ki, sünniliyin içində yarandı, hamısı özünü Əhli sünnə hesab edir, fars şiəliyi şiəliyin içində bu cürdür. Qurucusu fars olsa da bu gün ən az mənsubları farslardır. Çünki farslar bu şüubiyyə ideologiyasını öncə türkü, sonra da İslamı parçalamaq üçün yaradıblar min il əvvəl.
Mötədil şiəlik sünnilikdən Əhli Beyti, İmam Əlini daha çox sevib digərlərindən daha fəzilətli hesab etməklə fərqlənir. Bir də fiqhdə bir neçə fərqli detallar var ki, bu da İslam hüququ üçün xarakterikdir və təbiidir. Qalan bütün məsələlərdə heç bir əhəmiyyətli fərq yoxdur və tam bərabərhüquqlu İslam məzhəbidir. Bu barədə vaxtilə Əl Əzhər Universitetinin rektoru, böyük Əhli sünnə alimi Şeyx Muhəmməd Abduhun məşhur fətvası da var ki, dörd sünni məzhəbi ilə yanaşı şiənin Zeydi və Cəfəri məzhəbləri də bərabərhüquqlu, haqq İslam məzhəbləridir. O məzhəblərin də fiqhi üzərindən əməl etmək məqsədəuyğundur.
Ancaq fars rejimi bu məzhəbi hazırda istismar edərək inhisara alıb, tamamilə sıradan çıxarır.
Özünü Əhli sünnə adlandıran Vəhhabi dağıdıcı radikal siyasi cərəyanı nədirsə, siyasiləşmiş Feto cərəyanı nə idisə bu günki fars rejiminin təqdim etdiyi, şiəlik adı ilə İslam aləmini qana buladığı ideologiya da eynisidir.
Müsəlmanlar, əsl mötədil şiələr əslində Əhli Beyti, əsl şiəliyi İran fars molla rejiminin istibdadından, istismarından və əsarətindən xilas etməlidirlər. Yezid Əhli Beyti 8 gün əsir saxladı, İran rejimi isə 46 ildir Əhli Beytə işgəncə verir, adlarına terror təşkilatları yaradır, təhqir edir...
Dini bir məzhəbi siyasi imperiya ideologiyasına çevirmək üçün onu tam təhrif edərək şiəliyi dünyaya qorxulu bir kabus kimi təqdim edir.
Ərdəbilin baş mollasının Türkiyə və Azərbaycan əleyhinə məsciddə təşkil etdiyi son tədbirdə bu qeyd olunanlar tam təsdiqini tapıb. Məscidləri siyasi ideologiya mərkəzinə, təxribat yuvasına, kin - nifrət və düşmənçilik mənbəyinə çevirən anti - İslam rejimin nümayəndəsi Əhli Beytin pak adını da murdar ağzına alaraq təhqir və böhtan dolu ifadələrlə çeynəmişdir.
Məzhəbi qalxan edərək dünyada, əsasən müsəlman ölkələrində qan tökür, məzlumları öldürür, terror aktları təşkil edir, ixtilaf salır, qeyri - müsəlmanlara dəstək verərək İslam əleyhinə qurulan planların yanında yer alır. Müsəlmanların birlikdə ümumi problemlərin həllinə cəhd etmələrinə hər vəchlə maneə yaradır, araya nifaq salır. Müsəlman Pakistanın yox, Kəşmiri işğal edən Hindistanın tərəfində durur. Müsəlman Uyğur türklərinə qarşı qırğın törədən Çinin yanında yer alır. Türkiyəni bölməyi məqsəd qoymuş PKK, ASALA kimi terrorçu qruplara dəstək verir. Məlumdur ki, keçmiş Qarabağ məsələsində də Ermənistanın yanında idi, indi də onun yanındadır. Bu yol əsla İmam Əlinin yolu ola bilməz. Bu yol əsl Yezidin yoludur. İmam Əlini, Əhli Beyti sipər, pərdə, qalxan edib əslində Əməvi siyasəti, Yezid siyasəti həyata keçirir bu günki fars rejimi. İmam Əli sağ olsaydı Ermənistanı müdafiə edərdi? Əsla. Amma fars rejimi öz mənfur ideoloji siyasi xəttini İmamların adına bağlayaraq onlara mənfi obraz şamil edir, ikrah yaradır.
Əhli Beytin irsi, mötədil şiəlik İran fars rejimindən xilas edilməlidir. Bu bütün müsəlmanların vəzifə borcudur.
Tural İrfan
visiontv.az