Nobel Sülh mükafatını qazanan Nərgiz Məhəmmədi xəstəxanaya köçürülüb
30.10.2024

Tehranın Evin həbsxanasında saxlanılan insan haqları müdafiəçisi, siyasi məhbus və 2023-cü il Nobel Sülh mükafatını qazanan Nərgiz Məhəmmədi xəstəxanaya köçürülüb.

Hüquq müdafiəçisinin Fransada mühacirətdə yaşayan həyat yoldaşı Tağı Rəhmaninin verdiyi məlumata görə, ürək xəstəliklərindən, süd vəzilərində şişdən və xroniki bel ağrılarından əziyyət çəkən Məhəmmədi, həkimlərin həbsxana rəhbərliyinə müraciətindən 9 həftə sonra xəstəxanaya köçürülüb.

İnsan haqları təşkilatlarının məlumatlarına görə, həbsxana rəhbərliyi azərbaycanlı məhbusun edamlara və siyasi mhbusların hüquqlarının pozulmasına qarşı etirazlarına görə, ona təzyiq vasitəsi kimi müalicədən məhrum edir. 

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi  bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Bir həftə əvvəl isə Tehranın Cinayət Məhkəməsi, edam cəzalarının dayandırılması tələbi ilə həbsxanada keçirdiyi etiraz aksiyasına görə Nərgiz Məhəmmədiyə daha 6 ay həbs cəzası verib.

visiontv.az