Moskvada azərbaycanlı rəssamın kitabı təqdim edilib - FOTO
12.03.2024

Moskvadakı Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında, azərbaycanlı quruluşçu rəssam Əddis Hacıyevin ilk hekayələr toplusu “Böyük şəhərlərdə həyatın xüsusiyyətləri” kitabının təqdimatı keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Rudomino adına Xarici Ədəbiyyat Kitabxanası və Azərbaycan mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində teatr, kino və televiziya və qrafika rəssamı Ə.Haciyevin əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Kitabda müəllifin böyük şəhər həyatı ilə bağlı hamıya tanış olan, lakin hər kəsin bölüşə bilmədiyi hissləri əks olunub.

"Kitabın ərsəyə gəlməsi bir tərəfdən gözlənilməz, digər tərəfdən də gözlənildiyi kimi oldu. 15 ildən artıqdır ki, rəsm çəkirəm, kinematoqrafçıyam və rejissoram. Kitablar isə zaman keçdikcə gözəl bir asılılığa çevrilən bir hobbidir. Kitab yazmağım rəssamlığın davamı kimi meydana çıxdı. Çəkdiyim rəsm kitabın üz qabığı rolunu oynadı və kitaba öz adını verdi. Mən özüm bütün ömrüm boyu böyük şəhərdə yaşamışam. Bakı, Moskva və İstanbul... Bu şəhərlərin bütün müsbət və mənfi cəhətlərini bilirəm və düşünürəm ki, bu, oxucu üçün maraqlı ola bilər", - deyə Əddis Hacıyev bildirib.

Təqdimat mərasimində qeyd olunub ki, otuz ildən çox kino, televiziya və teatr təcrübəsi olan Əddis Hacıyev həm Rusiyada, həm də xaricdə bir çox bədii filmlərin, televiziya layihələrinin və çoxlu sayda televiziya reklamlarının vizual dizaynının müəllifidir. O, eyni zamanda Azərbaycan Rəssamlar İttifaqının, Rusiya Dizaynerlər İttifaqının və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, bir çox özəl və dövlət qalereyalarında saxlanılan rəsm əsərlərinin müəllifidir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova
Əddis Hacıyevin çox məşhur və istedadlı Azərbaycan ailəsinin nümayəndəsi olduğunu qeyd edib. "Əddis öz babası Əmir Hacıyev və atası Altay Hacıyevin yolunu davam etdirir. O, bizim üçün rejissor, ssenarist, prodüser kimi tanınırdı və bu gün isə biz onu yazıçı kimi də tanıdıq. Onun bu gün təqdimatı keçirilən ilk kitabında hər bir şəhərin öz simasının necə olmasından bəhs edilir və sözsüz ki, biz bu kitabda doğma Bakımızın doğma eskizlərini də görmüş olduq".

Xarici Ədəbiyyat Kitabxanasının baş direktorunun müavini Migel Palasio azərbaycanlı rəssamın hekayələr toplusunda ibarət kitabının təqdimatını önəmli mədəniyyət hadisəsi adlandırıb: "B Bu kitabın məhz burada, bizim kitabxanada təqdim olunmasından çox məmnunuq. Bilirsiniz ki, bizim kitabxanada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və qeyd etməliyəm ki, bu mərkəz və mədəniyyət ocağı kitabxanamızın ən uğurlu tərəfdaşlarından birdir. Ümumiyyətlə, kitabxanamızda Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı olan hər şey həmişə mədəni və diplomatik əlaqələrimizin bəzəyidir".

visiontv.az