Moskva Levon Ter-Petrosyanı öz oyununun mərkəzi, daha dəqiqi, birləşdirici fiquruna çevirmək istəyir
Moskva Levon Ter-Petrosyanı öz oyununun mərkəzi, daha dəqiqi, birləşdirici fiquruna çevirmək istəyir
16.03.2026 Sahib Alıyev Tərəfindən

Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki çıxışı zamanı dedikləri, hay kilsəsinin mahiyyətini açması, cənab İlham Əliyevə təşəkkür etməsi, ardından keçirdiyi brifinqdə həmin fikirlərini təkrarlaması və martın 13-dəki canlı "Facebook" bağlantısında Ermənistanın Müstəqillik Bəyannaməsinin mətninin "münaqişə məntiqi" üzərində qurulduğunu, həmin sənəddə Qarabağa dair iddianın, əslində, dövlətçiliklərinin məhvinə yönəldiyini və suverenlikləri üçün böyük risk yaratdığını bildirməsi ölkəsindəki Rusiyaya bağlı siyasətçilərin, təbii ki, xoşuna gəlməyib. Onların içərisində ən çox qəzəblənən isə belə görünür ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyandır. Və bu da səbəbsiz deyil.

1998-ci ildə, belə demək mümkünsə, "dincə qoyulan", İkinci Qarabağ savaşından dərhal sonra isə istifadəyə yararlılığı düşünülən L. T. P. ilə bağlı olduğu çevrələr yenidən ünsiyyət qurdu, daha doğrusu, onu bərpa etdilər. Bu bərpa 2020-ci ilin 12 noyabrında baş verdi. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə məhz həmin gün keçirilən görüşdən sonra bu qoca nasist və hərbi cinayətkar, əslində, öz yetirməsi olan Paşinyanın üzərinə yeriyərək onu xəyanətkarlıqda suçlandırdı.

Nə hikmətdirsə, o vaxtdan Sergey Kopırkinin Ermənistanda ən çox görüşüb məsləhətləşdiyi partiya lideri yenə də həmin Levon Ter-Petrosyandır. Onların sadəcə mətbuata sızdırılan görüşlərinin sayı artıq beşi ötüb. Amma çox ehtimal ki, aralarındakı kommunikasiya davamlı xarakter daşıyır və ötən həftə L. T. P.-nin lideri olduğu Milli Konqres Partiyasının beşinci qurultayı da, qurultaydan sonra onun "Facebook"dakı statusu da bir növ bunu təsdiqləyir. Belə anlaşılır ki, Moskva "Qarabağ klanı"nın tam marginallaşdığını, katolikos Qareginin ifşa olunduğunu və "dili gödəkliyini" görərək məhz Levon Ter-Petrosyanı öz oyununun mərkəzi, daha dəqiqi, birləşdirici fiquruna çevirmək istəyir.

Sözügedən statusunda Levon Ter-Petrosyan gizlətmir ki, onun məqsədi narazı elektoratı Nikol Paşinyanı devirmək, devirmək mümkün olmasa da, nəzarət altında saxlamaq niyyəti ilə Ermənistana göndərilən Samvel Karapetyanın ətrafında səfərbər etməkdir. Maraqlıdır ki, öz cızma-qarasında o, Fransa istisna olmaqla, Ermənistanın təbii müttəfiqlərinin "uzaq Qərb ölkələri" deyil; Rusiya, Gürcüstan və İran olduğunu bildirir.

Yəqin, sıralamaya diqqət etdiniz? Bu, həmin Levon Ter-Petrosyandır ki, Birinci Qarabağ müharibəsi zamanı onlara ən çox yardım göstərən dövlətin İran olduğunu deyirdi. İndi Ermənistanın təbii müttəfiqləri sırasında İranın adını üçüncü çəkir. Səbəb yəqin bəllidir. Rusiyanın burada niyə birinci yerdə olduğu da o sıradan. Amma bəlli olmayan, Ermənistanın ilk prezidentinin Gürcüstanı özlərinin ikinci təbii müttəfiqi saymasıdır. Görəsən, o, nəyə dayanaraq belə iddiada bulunur? Kopırkinin qulağına pıçıldadıqlarınamı?

Gürcü xalqı elə həmin L.T.P-nin Ermənistana rəhbərliyi dövründə Abxaziyadakı hayların yaratdığı Baqramyan adına taborun onlara qarşı necə savaşdıqlarını, törətdikləri vəhşilikləri, Cavaxetiyadakı separatçılıq cəhdlərini bəyəm unudub? Əminəm ki, unutmayıb.

Millət vəkili Sahib Alıyev

visiontv.az