Ərdoğan və Pezeşkianın açıqlamaları panfarsçıları niyə qəzəbləndirir?
Son vaxtlar mollalar üçün dinclik yoxdur. Gah Rəcəb Tayyib Ərdoğanın, gah Hakan Fidanın, gah da Məsud Pezeşkianın çıxış və müsahibələrində səsləndirdikləri fikirlər İranı idarə edən ayətullahların yuxularına rəsmən haram qatır.
Yadınızdadırsa, bir müddət öncə Türkiyə XİN-in başçısı "Əl Cəzirə" kanalına müsahibəsi zamanı İran mollakratiyasına "Eviniz şüşədəndirsə, qonşunun pəncərəsinə daş atmayın" tövsiyəsində bulunmuşdu. Fidanın bu məsləhəti günlərlə İran mediasında müzakirə olundu. Panfarsçılar Türkiyənin ünvanına xeyli təhdid və təhqirlər yağdırdılar.
Hörmətli Fidanın həmin açıqlamasının "mürəkkəb"i hələ qurumamış, bu yandan da Ərdoğanın Çanaqqala Zəfərinin 110-cu ildönümünə dair çıxışında Təbriz şəhərinin də adını çəkərək, "Hələbdən Təbrizə, Mosuldan Qüdsə qədər mənəvi coğrafiyamızdır" ifadəsini işlətməsi, necə deyərlər, mollalara lap od qoydu.
Onlar Təbrizin Türk dünyasının mənəvi coğrafiyasına daxil olması fikrini heç cürə qəbul və həzm edə bilmirlər. Bu mənada, BBC Farsca redaksiyasının Türkiyə prezidentinin həmin fikrini başqa yerə yozaraq, bunu "İranın ərazi bütövlüyünə təhqir" və təhdid kimi təqdim etməsi heç də təsadüfi deyil.
İrqçi, panfarsçı qrupların yuvasına çevrilən İran mətbuatında bir neçə gündür Türkiyəyə və türk xalqına qarşı nifrət və təhqir nitqinin üstünlük təşkil etməsi də molla rejiminin qəzəbinin təzahürüdür.
Bu olayların fonunda srağa gün İran prezidenti Məsud Pezeşkianın Urmu gölü sahilində jurnalistlərə Azərbaycan türkcəsində müsahibə verməsi də panfarsçıların etirazına səbəb olub.
Fars millətçiləri sosial şəbəkələrdə bununla bağlı çoxsaylı etiraz yazıları paylaşıblar. Onlar ölkənin rəsmi dövlət dilinin farsca olduğu halda, prezidentin qeyri-fars dilində danışmasının qanuna zidd olduğunu iddia ediblər.
Qatı fars millətçilərindən biri olan İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi də sosial şəbəkə üzərindən Pezeşkiana müraciət edərək, ona bundan sonra türkcə yox, farsca danışmağı tövsiyə edib.
Abbas Axundidən sitat:
"Hörmətli Pezeşkian,
Urmiyada böyümüş və parlamentin beş dövr Təbrizdən millət vəkili olduğunuza görə, türk dilində hesabatlar almağınız sizin üçün çox normal və təbiidir, bunu başa düşürəm. Ancaq indi siz prezidentsiniz. İclaslarda ancaq fars dilində hesabatlar qəbul etməli və rəsmi dildə danışmalısınız. Sizin bu məsələyə diqqətsizliyiniz sonda millətin əlinə bəhanə vermiş olacaq. Xahiş edirəm, nəzərə alın!"
(sitat bitdi)
Bəli, sitat bitdi, lakin fars şovinistlərinə və Tehran rejiminə dağ çəkən bəyanatlar, açıqlamalar, şüarlar, çağırışlar isə bitməyəcək. Bəhs etdiklərimiz hələ başlanğıcdır. Bundan sonra mollaları lərzəyə salan sözləri, çıxışları tez-tez eşidəcəyik. Böyük hərəkatlar öncə SÖZdən başlayır.
Bəybala Mirzəyev
visiontv.az