Mirzə Qədim İrəvaninin yaradıcılıq işığı beynəlxalq müstəvidə
18.03.2026

​15 mart 2026-cı il tarixində Almaniyada fəaliyyət göstərən Begegnungsstube Medina e.V. (Almaniya Mədinə Dərnəyi) nin təsis etdiyi Türk Tarixi və Mədəniyyətləri Muzeyi və Azərbaycandan "Sərdar Sandıq-Mücrü Ocağı"nın birgə təşkilatçılığı ilə onlayn formatda "Mirzə Qədim İrəvaninin yaradıcılıq irsi mədəni yaddaşda" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.Konfransa 10 ölkədən 100 dən çox iştirakçı qatılmışdı.

Nürnberq şəhərində yerləşən "Almaniya Mədinə  Dərnəyi"nin "Dünya Bilgi Platforması" üzərindən canlı yayımlanan konfransda sənət dünyasının və elmi ictimaiyyətin tanınmış simaları, eim, təhsil, sənət adamlarııtələbələr və sənətsevərlər qatılmışdılar. Konfransı giriş nitqi ilə açan, Almaniyadan  Türk Tarixi və Mədəniyyətləri Muzeyinin qurucusu Cəmaləddin Özdəmir tədbir iştirakçılarını salamlayaraq layihənin əhəmiyyətindən danışaraq məruzəçilərə uğurlar arzuladı. Daha sonra ​Azərbaycandan Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, ​ Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin sədri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Lalə Sərdarlı,  ​Azərbarcan Milli Məclisinin millət vəkili, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva,  Azərbaycan Milli İncəsənət Muzeyinin Bərpa şöbəsinin müdiri, ali dərəcəli bərpaçı, əməkdar rəssam Natiq Səfərov, 
 "Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq" layihəsinin rəhbəri, araşdırmaçı tətbiqi sənət ustası İsgəndər Sərdarlı İrəvani, Türkiyədən Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin rektoru, Türk Dövlətləri Sənət Universitetləri Birliyinin dönəm başkanı,     Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun əsl üzvü, professor Erhan Özden, Səlcuq Universitetinin İncəsənət fakültəsinin dekanı,    Azərbaycan Rəssamlar Birliyinin və UNESKO Beynəlxalq Plastik Sənətlər Assosiyasiyasının üzvü, professor İlham Ənvəroğlu, ​Gürcüstandan Gürcüstan Milli Muzeyinin Şərq kolleksiyaları üzrə kuratoru, Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze, 
​Özbəkistandan Kamoloddin Behzod adına Beynəlxalq Rəssamlıq və Dizayn İnstitutunun dosenti Fəridə Maksumova Mirzə Qədim İrəvaninin yaradıcılıq irsinə həsr etdikləri məruzələri ilə çıxış etdilər. Konfransın əhəmiyyəti barədə AZƏRTAC-a müsahibə verən layihə rəhbəri İsgəndər Sərdarlı İrəvani qeyd etdi ki, bu tədbir Azərbaycan mədəniyyətinin beynəlxalq təbliği baxımından olduqca önəmli, bəlkə də tarixi bir addımdır: ​"Mən çox xoşbəxtəm ki, bu yayım vasitəsilə Mirzə Qədim İrəvaninin zəngin yaradıcılıq irsinin işığı bir daha ölkəmizin hüdudlarından kənara sıçradı. İlk dəfə olaraq bu mötəbər platformada 'Sərdar Sandıq-Mücrü Ocağı' olaraq elmi araşdırmalarımızın mühüm nəticələrini həm sənətsevərlərimizə, həm də dünya miqyaslı nüfuzlu elm adamlarına qürurla bəyan etdik. Sübut etdik ki, Mirzə Qədim İrəvani nəinki Azərbaycan rəssamlığında dəzgah rəngkarlığının banisidir, o, həm də ilk bərpaçı, memar və mühəndis təfəkkürlü rəssam, dərin fəlsəfi məzmunları vizuallaşdıran ustad dizaynerdir. Onu da vurğuladıq ki, o, nəinki Azərbaycanın, eləcə də bütün Yaxın Şərq, Türk-İslam dünyasının şərti təsvirdən realizmə keçidini özünəməxsus formatda təmin edən ilk rəssamdır".

Medina dərnəyi, Dünya Bilgi Platforması"nın Azərbaycan təmsilçisi Anar Rzayevin moderatorluğu ilə keçirilən konfransda Almaniya, Finlandiya, Şimali Makedoniya, Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Pakistan, İndoneziya, Cənubi Koreya və digər ölkələrdən ali təhsil müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar və tələbələr olmaqla 100-dən çox iştirakçı qatılmışdır. Eyni zamanda tədbirin dinləyiciləri arasında qəhrəman şəhidlərimizin ailə üzvləri də yer almışdır

Qeyd edək ki, sözügedən beynəlxalq konfrans Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması və Azərbaycan Milli İncəsənət Muzeyinin əsas tərəfdaşlığı ilə həyata keçirdiyi "Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq" layihəsinin maarifləndirmə mərhələsi çərçivəsində baş tutmuşdur.

visiontv.az