Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi keçirilib
12.03.2024

Azərbaycan Milli İncəsənət Muzeyində XX əsrin görkəmli ədibi, alimi, pedaqoqu, professor Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı” kitabının müzakirəsi və təqdimat mərasimi keçirilib.

AZƏRTAC  xəbər verir ki, Azərbaycan Prezidentinin dahi şairimiz və mütəfəkkirimiz Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq keçirilən tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutub.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev çıxışında "Füzuli sənətkarlığı” kitabının qiymətli mənbə olduğunu qeyd edib. "Füzulişünaslığın elmi-metodoloji tətbiqinə baxdıqda görürük ki, Füzuli poetik xüsusiyyətləri haqqında ilk kitabı Mir Cəlal Paşayev yazıb. İnanırıq ki, gələcək nəsillər də bu kitabdan çox istifadə edəcək", - deyə o bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova zəngin sənət dünyasından bəhs edən "Füzuli sənətkarlığı” kitabında şairin bədii və fəlsəfi mahiyyətinin mükəmməl şəkildə şərh olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu əsər Füzuli yaradıcılığının araşdırılmasında ən böyük və qiymətli mənbələrdən biridir.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Milli Məclisin deputatı Ceyhun Məmmədov kitab haqqında fikirlərini bölüşüblər.

Təqdimat mərasimində muzeyin kolleksiyasından böyük şairin obrazı və poeziyasını əks etdirən əsərlər nümayiş olunub, həmçinin Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən Füzuli poeziyasına bəstələnmiş klassik əsərlər və muğam triosunun ifaları səsləndirilib.

Kitab XVI əsrdə yaşayıb-yaratmış dahi şairimiz Məhəmməd Füzulinin ədəbi yaradıcılığı və sənəti, o cümlədən şeir mədəniyyəti və bədii nəsri haqqında elmi araşdırmaları əks etdirir. Mir Cəlal Paşayev əsərində Füzuli yaradıcılığının ayrı-ayrı mərhələləri və motivlərinin araşdırılması ilə yanaşı, onun ümumi ədəbi mənzərəsini elmi cəhətdən göstərməyə nail olub.

visiontv.az