Məsum körpəcik: Günəş batanacan yaşayacaq Səhləb Çiçəyi
30.03.2024

Elə hirslə əsdi ki, sanki bütün hikkəsini kökündən qoparmağa cəhd etdiyi ağacların üstünə tökəcək. Silkələdiyi qapı-pəncərələri, döyəclədiyi dam örtüklərini uğultusunda boğmaq istəyirdi.

Mən varam, mən güclüyəm deyib vıyıltı ilə nərə çəkdi. Bütün bunlar azmış kimi bir məktəblinin avazımış yanaqlarını üşüdüb, bərk-bərk çantasını tutduğu əlini qılınctəki kəsməkdən də vaz keçmədi. Energetik içki bankalarını süpürrəyib öz burulğanında bacardıqca uzaqlara atdı. Adama elə gəlirdi ki, küləyin bu boş bankalara, selofan quloklara acığı heç vaxt soymaz. Yazıq alça,ərik, badam çiçəkləri nə baş verdiyini anlamırdı. Ürkək yaz hənirtisindən sevinib göz açdıqları dünyanın beləcə hikkəli rüzgarları olacağını nə biləydilər. Yolulan ləçəklər uğultu qanadlarında hara getdiklərini anlamırdı. Beləcə saatlarla qarşısına çıxan nə vardısa hamısına öz nifrətindən pay verdi. Elektrik naqillərindən tutmuş reklam lövhələrinə qədər hamısına öz “qüdrətli əlindən” sığal çəkdi.

Dağıtdı, sökdü, talan etdi, viran qoydu və nəhayət öz sərsəri vıyıltısını da götürüb itdi gözlərdən. Nə idi bu küləyin demək istədiyi, nədən coşmuşdu belə, kimə üsyan edirdi, nədən acıqlı idi görən. Elə bil ağrı çəkirmiş kimi özünü hara gəldi çırpırdı. Bəlkə də çılğın dəliqanlılığını öz məkrində boğmaq istəyindən havalanmışdı bu külək. Yay bürküsündə arzulanan sərincə meh xoşluğuna vurğunluğu da süpürüb apardı özü ilə. Guya acıq edib bütün dünyaya “məni heç kəs istəməsin “ qışqırığından yeri-göyü lərzəyə gətirmək istəyirmiş.

Getdi… arxasınca yoluq-yoluq olmuş çiçəklər, bir-birinə dəyib döyəclənməkdən üzünün suyu tökülmüş budaqlar, nə baş verdiyini anlamayan torpaqdan onca gün əvvəl baş qaldırmış və yetərincə qovrulmuş yaşıl otlar qaldı.

Bu nədi?

Ay aman! Sən demə bunamı görə imiş küləyin bunca davası?

Vaxtından ay yarım tez dünyaya göz açmış bu fidanca məsum gəlirmiş dünyaya? Kəsib torpağın bətnini səhləb çiçəyinin gözəlliyini çıxarmış üzə.

Qorxaq-qorxaq ilıqca günəşə baxır, tez-tələsik torpaqdan oyadıb dünyaya göz açdıran və artıq çoxdan gözdən itmiş küləkdən xəbərsiz-xəbərsiz qarşıdakı zəif gecə şaxtasınacan ömür sürəcək Səhləb Çiçəyi onu amansız həyata gətirən bir azğın ehtrasının nəticəsi olduğunu özü də anlamayacaq.

Hardasa uzaqlarda çılğın ehtrası sönmüş nankor ata külək sərin mehə çevrilib nazlı salxım söyüdlərə nəğmə oxumağını bilə bilməyəcək, bircə günlük, günəş batanacan yaşayacaq Səhləb Çiçəyi. Məsum körpəcik.

Pərviz Yəhyalı

visiontv.az