Sosial media üzərindən yazdığım qeydlər.
Bayaqdan Paşinyanın səhfəsini izləyirəm. Ona nə var, bir də baxdın Azərbaycan Prezidentini və millətini Zəfər günü ilə bağlı təbrik etdi.
***
XXI əsrdə ərazi bütövlüyünü bərpa edən tək millət azərbaycanlılardır.
Prezident İlham Əliyevin hərbi və diplomatik siyasəti qalibiyyətimizi təmin etdi.
***
Torpaqlarımızı danışıqlar yolu ilə alsaydıq həm indiki qədər hörmətimiz olmayacaqdı, həm də ərazilərimizi tam geri ala bilməyəcəkdik. Prezident İlham Əliyevin prinsipiallığı və əsgərimizin qəhrəmanlığı Azərbaycanı və azərbaycanlıları başqa millətlər qarşısında başını dik, sözünü kəsərli etdi. Artıq danışanda itaətkar görkəmdə pıçıltı ilə yox hündürdən əmr verərək səsimizi çıxardırıq . Bizə yazıq, qorxaq kimi yox, döyüşkən, bölgənin lider milləti kimi baxırlar. Və bütün bunlar 44 gün ərzində baş verdi. 30 il gözlədik və 44 günə bütün millətin taleyi dəyişdi. Bunu bizə yaşadan Şəhidlərimizin qarşısında baş əyirik. Uca millətimizə və Ali Baş Komandan başda olmaqla bütün əsgər və zabitlərimizə bir ömür minnətdarıq.
Zəfər gününüz mübarək.

***
Tramp Orta Asiya ölkələrinin rəhbərlərinə Azərbaycanın və Zəngəzur dəhlizinin önəmini anlatmaqla ABŞ-Orta Asiya xəttində Bakının xüsusi yer tutduğuna işarə etdi. Azərbaycan 44 günlük müharibədə qalib gəlib, suverenliyini bərpa etməklə regionda həyata keçirilən bütün beynəlxalq layihələrdə avtomatik olaraq əsas oyunçuya çevrilir.

***
Müharibədən və Qələbədən 5 il vaxt keçib. Bu gün büdcəsinin qarnı yekə olan telekanallarda Müharibə və və Qələbə ilə bağlı sanballı bir filmə rast gəlmədim. Çevir tatı, vur tatı.
P.S. Yeni ideya, yeni yanaşma yoxdur. Arxiv materiallar və xronoloji ardıcıllıqla deyilən tarix.
P.P.S Ruslar Ukraynada müharibə gedə-gedə, nəyinki sanballı sənədli filmlər, o cümlədən seriallar, bədii filmlər çəkirlər.
***
Küçədə işə-gücə gedəndə yeniyetmələri, gəncləri müşahidə edirəm. Hamısı muzıkalnı yeriyir.
Baxırsan biri gedə-gedə gitara çalır, biri nağara çalır, biri səsli oxuyur, nə gələni görürlər nə gedəni. Nauşnik qulaqlarında, gözləri də telefonda, ətrafdan xəbərləri yoxdur. Qəribə gənclik yetişir. Əlacımız dözməkdir
***
İranın Azərbaycana düsmən olan Səhər Azəri telekanalı AzTV sədrini ittiham edən yazı paylaşıb. Belədirsə onda mən Rövşən Məmmədovun günahsız olduğunu düşünürəm. İran mediası heç vaxt Azərbaycan haqqında obyektiv məlumat paylaşmayıb. Və onların murdar təbliğatını tənqid edənlərdən həmişə qisas alıb.
***
Prezident İlham Əliyev müdrik və uzaqgörən siyasətçidir. O, qlobal oynayır. Və fikirləri də o istiqamətdədir. Prezident 50 milyonluq azərbaycanlıların ana dilinin qorunmasını hədəfə alan çıxış etdi. Ölkə daxili problem təhlükəli həddə deyil.
P.S. 5-10 rus və fars sevdalısının öhdəsindən özümüz də gələrik.
***
Əksər nazirlik və dövlət qurumlarında nuh əyyamından qalan bir siyahı var. Jurnalistlərin, ekspertlərin, QHT rəhbərlərinin siyahısını deyirəm. Nə vaxt tədbir keçirirlər o siyahıda olanları çağırırlar. Halbu ki siyahıda olanların bəziləri işdən çıxıb, bəziləri işini dəyişib, hətta ölənlər belə var. Amma bu qurumlar o siyahıdan əl çəkmir. Bu gün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsi 4-5 il bundan əvvəlki siyahıya uyğun olaraq "Yeni Azərbaycan" qəzetinin keçmiş baş redaktorunu tədbirə çağırıblar. Hələ üstəlik qəzeti təşkilatçı kimi təqdim ediblər.
Məşədi İbad demiş bu gəlini gətirəndə bir baxın görün bu kişidir ya qadın.
***
Prezident İlham Əliyev: Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar.

***
Prezident İlham Əliyev: "Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur".
***
Görmüşük sərt qaydalar, cərimələr nizam-intizam yaratmaq üçündür. Bizdə isə əks effekt verir. Xaos yaradır. Vaxtımız saatlarla yollarda, tıxaclarda boş-boşuna keçib gedir. 2 saatdan çoxdur 100 metr yol qət edə bilməmişəm. Hər gün eyni cəzanı çəkirik. Bu tıxacların sonu necə olacaq bilən yoxdur. Belə də dərd olar.
***
Bəzi telekanal aparıcıları bilirsiniz necə mütəxəssis axtarır? Gəlib gözünü yumub ağzını açıb, yalandan-palandan nə gəldi danışsın. Ağla gələn və gəlməyən elə mülahizələr səsləndirirlər ki, adamın tükləri biz-biz dayanır. Nəticədə bu cür danışan "siyasi şərhçilər" olur efirlərin bəzyi.
P.S. Bir mövzu barədə danışmaq üçün günlərlə fərqli mənbələrdən məlumatlar oxuyursan, hətta həftələrlə hadisəni nəzarətdə saxlayıb müşahidə edirsən və nəticədə fikir bildirirsən. Bu teleulduz siyasi veriliş aparıcıları və siyasi şərhçilər efirə bir saat qalmış hansısa saytın məlumatını bir-birinə atırlar. Ordan oxuyurlar və həmən efirə çıxıb saatlarla ağıllı görkəm alıb müzakirə edirlər.
Şöhrət El-Dəniz
visiontv.az