Memar: WUF13-ün Bakıda keçirilməsi şəhərsalma siyasətində mühüm hadisədir
17.04.2026

"World Urban Forum13"-ün Bakıda keçirilməsi Azərbaycanın şəhərsalma siyasətində strateji baxımdan olduqca mühüm hadisədir.

Bu sözləri  açıqlamasında memar, tədqiqatçı Aysel Hüseynova deyib. 

O bildirib ki, bu forum ölkənin beynəlxalq urban inkişaf gündəliyində aktiv iştirakını gücləndirməklə yanaşı, Bakını qlobal müzakirə platformasına çevirir: “Bu həm də Azərbaycanın dayanıqlı şəhər inkişafı, iqlim dəyişikliklərinə adaptasiya və innovativ urban həllər sahəsində öz təcrübəsini paylaşmaq və yeni tərəfdaşlıqlar qurmaq imkanı deməkdir. WUF13 qlobal şəhərsalma siyasətlərinə təsir edən əsas platformalardan biri kimi müxtəlif ölkələrdən ekspertləri, siyasətçiləri və tədqiqatçıları bir araya gətirərək urban problemlərə multidissiplinar yanaşmaların formalaşmasına şərait yaradır. Bu forum çərçivəsində müzakirə olunan ideyalar gələcək urban strategiyaların istiqamətini müəyyənləşdirir və şəhərlərin daha inklüziv, davamlı və dayanıqlı inkişafına yön verir.

WUF13 və Bakının memarlıq yanaşmaları

Bakının bu forum vasitəsilə ön plana çıxarmağı hədəflədiyi memarlıq yanaşmaları arasında kontekstə həssas dizayn, mədəni irsin müasir interpretasiyası və şəhər mühitində insan mərkəzli yanaşma xüsusi yer tutur. Eyni zamanda, ictimai məkanların keyfiyyəti, urban ambians və fenomenoloji təcrübə kimi məsələlər də diqqət mərkəzində olacaq. Gələcəyin şəhərlərində memarların rolu isə artıq yalnız forma yaradan mütəxəssis olmaqdan çıxaraq sosial, ekoloji və texnoloji prosesləri inteqrasiya edən strateji aktora çevrilir”.

WUF13 kontekstində azad olunmuş ərazilər: yeni urban model

Memar vurğulayıb ki, azad olunmuş ərazilər bu gün ölkə üçün unikal urban laboratoriya rolunu oynayır: “Bu ərazilərdə şəhərlərin və yaşayış məntəqələrinin sıfırdan planlaşdırılması imkanı mövcuddur ki, bu da innovativ, dayanıqlı və gələcəyə yönəlik modellərin tətbiqinə şərait yaradır. WUF13 çərçivəsində müzakirə olunan “ağıllı şəhər” yanaşmaları, yaşıl infrastruktur, enerji effektivliyi və rəqəmsal texnologiyaların inteqrasiyası bu ərazilərdə həyata keçirilən layihələrə birbaşa təsir edə bilər. Eyni zamanda, forum Azərbaycanın “ağıllı kənd”, ekoloji balans və mədəni irsin bərpası kimi konseptlərini qlobal auditoriyaya təqdim etməsinə, beynəlxalq əməkdaşlıqların və investisiya imkanlarının genişlənməsinə şərait yaradır”.

visiontv.az