“Mədəniyyətlərarası dialoq sayəsində yeganə böyük qlobal platforma Bakı prosesidir”
06.05.2024

Mədəniyyətlərarası dialoq, qlobal həmrəylik və mədəni-mənəvi dəyərlərin təbliği hər zaman arzulanan bəşəri istəklərdir. Nəzərə alsaq ki, bu vacib məsələrərin müsbət nəticələnməsi üçün beynəlxalq miqyaslı tədbirlərin təşkil olunduğu, onun həlli yolları istiqamətində müzakirələrin keçirildiyi məkan məhz Azərbaycan, təşəbüskarı isə Azərbaycan dövlətinin Lideridir, xüsusilə qürurlanırıq.

Bəli, sözünü etdiyimiz qlobal miqyaslı bu təbliğat platforması 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əıiyevin təşəbbüsü ilə yaranmış, qısa zamanda aparıcı beynəlxalq təşkilatların böyük marağına səbəb olmuşdur. Tezliklə bu maraq onların böyük dəstəyi ilə nəticələnmişdir. Əlbəttə, dünya bizim evimizdir. Onun qorunması, dövlətlər və millətlər arasında sülh və əminamanlığın yaradılması son dərəcə düşündürücü və əhəmiyətli məsələdir, xüsusən də yaşadığımız bu dönəmdə. Məlumdur ki,  2011-ci ilin 7–9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunur. Həmin ildən etibarən ölkəmizdə qlobal miqyaslı Forum ənənəvi olaraq hər iki ildən bir, 2019-cu llə qədər davamlı olaraq keçirilib.Yalnız VI Forumun keçirilməsi  dünyada baş verən COVİD 19 təhlükəsi ilə əlaqədar bir qədər gecikdi. Buna baxmayaraq bir neçə gün öncə, may ayının 1-dən 3-nə qədər davam edən VI Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın ev sahibliyi ilə uğurla başa çatdırıldı.

Bununla yanaşı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanın siyasi tarixində nüfuzlu beynəlxalq platformaya qalib ölkə olaraq ev sahibliyi etməsi kimi düşməsi daha əhəmiyyətli və daha dəyərli idi. Bir qədər geriyə nəzər salsaq, 2017-ci ildə BMT Baş katibinin hesabatında Bakı prosesini mədəniyyətlərarası dialoq sayəsində yeganə böyük qlobal platforma kimi qiymətləndirildiyini görürük. Bundan başqa YUNESKO-nun 2022-ci ildə İcra Şurasının qəbul etdiyi xüsusi qərarda Bakı platforması xüsusi qeyd olunmuş, bu platformaya həm təşkilatın, həm də bütün dövlətlərin daimi dəstək verilməsi çağırışı edilmişdi. Qeyd edək ki, VI Forumun əsas mövzusu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” oldu.  Məlumdur ki, son dönəmlər dünyada çox önəmli hadisələr, qlobal miqyaslı proseslər cərəyan etməkdədir. Bunun da əsas səbəbi  dünyanın sülh və əminamanlıq istiqamətində irəlilənməsinə mane olan proseslərin hərəkətə gətirilməsi və bəzi dövlətlərin hegomonluq iddiasıdır. Günümüzdə bu siyasi hadisələrə dünyanın aparıcı siyasətçiləri, elm adamları və beyin mərkəzlərinin gözü ilə baxış keçirmək, müzakirələr aparmaq çox önəmli, müsbət nəticələr əldə olunması baxımından olduqca vacib məsələdir.

Çünki, ötən dövrlərdə olduğu kimi Forumda dünya üçün çox aktual olan mühüm məsələlər müzakirə olunur, vacib çağırışlar edilərək müəyyən nəticələr əldə edilir. Forum çərçivəsində xarici qonaqların işğaldan azad olunmuş ərazilərimizə səfəri təşkil olunmuş, Ağdam və Şuşada xüsusi panel sessiya keçirilmişdir. Bu faktdır ki, Azərbaycan dünyavi, həmçinin sülhsevər ölkədir. Həm də dini mənəvi və mədəni  dəyərlərə hörmətlə yanaşan multikultural və tolerant cəmiyyəti olan unikal dövlətdir.  Möhtərəm Prezidentimiz cənab İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qeyd etdiyi kimi: “Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu məkandır. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar.

Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”. Bəli, 30 il ərzində işğala məru qalan  Azərbaycan bu gün dünyaa sülhün qorunması yolunda böyük töhfələr verir. İnanırıq ki, ayrı-ayrı aparıcı beynəlxalq təşkilatların, böyük dövlətlərin nümayəndələrinin, beynəlxalq beyin mərkəzləri və digər təşkiilatların söz sahiblərinin qatıldığı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq  Forumunda edilən çıxışlar, verilən mühüm mesajlar gələcəkdə  beynəlxalq təşkilatların siyasi xəttinin aparıcı istinad sənədi olaraq dünyanın qlobal  məsələlərinin, habelə sülh və təhlükəsizlik istiqamətində müsbət rol oynayacaqdır. 

Nəzakət Quluqızı;
Neftçala rayonu, publisist, ictimai fəal