Martın 29-na keçən gecə Bəraət gecəsidir
28.03.2021

Şəban ayının 15-i (bu il martın 28-dən 29-na keçən gecə) bu ayın ən şərafətli günlərindəndir. Həmin günə keçən gecə “Bəraət gecə”si adlanır. Bəraət – tam ayrılma deməkdir. Həmin günü günahkarlar Cənnətdən, ibadət edən və tövbə edənlər Cəhənnəmdən ayrılarlar.

Hədislərdə gəlib ki, həmin gecə dindən çıxmışlardan, paxıllardan, böhtançılardan, şərab içənlərdən, aqvalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar. Ona görə də həmin gecəni ibadətlə keçirmək savabdır.

Bundan əlavə Şəban ayının 15-i  İmam Zamanın (ə) doğum günüdür.  Həmin günə keçən gecəni ibadətlə keçirmək, həmin gecəni və 15-i günü qüsl almaq (günahları azaldar), çoxlu salavat demək, zikrlər etmək böyük savaba malikdir.

Bu gecə üçün xüsusi əməllər zikr olunmuşdur:

Qüsl

Əhya saxlamaq. Namaz qılmaq, dua oxumaq. Bir rəvayətdə, “bu gecəni əhya saxlayanın qəlbi, qəlblərin öləcəyi gün ölməz” deyə buyurulur.

İmam Hüseyn (ə)-ın ziyarəti. Bu əməli yerinə yetirmək günahların bağışlanmasına səbəb olar. Məsumlardan nəql olunan rəvayətə görə, hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyni (ə) bu gecədə ziyarət etsə ona Həcc və Ümrə savabı yazılar. Kərbəlaya getmək imkanı olmayanlar açıq havada hündür bir yerə çıxıb sağa və sola baxıb bu sözləri desinlər: "Əsəəlamu-əleykə, ya Əba Əbdillah! Əssəlamu aleykə və rəhmətullahi və bərəkətuh".