Körpüsalanlar və araqarışdıranlar
Körpüsalanlar və araqarışdıranlar
28.07.2024 Elbəyi Həsənli Tərəfindən

Çağdaş Qərb sivilizasiyası dünyada döminant mövqeyə sahibdir. Bunun səbəbləri çoxdur. Sadalamaq fikrində deyiləm. Sadəcə Qərb insanının düşüncəsinə hopmuş bir yanaşmadan söhbət açacam.

Bu yanaşma Qərb aiditoriyasına belə izah olunur: Ata ilə oğul qonşu idi. Biri çayın bu üzündə, digəri isə o biri tayında yaşayırdı. Çayın üstündən körpü salınmışdı. Ata ilə oğul bərəkətli torpağı birlikdə əkib-biçirdi. Onların sevinci də, kərdəri də bir idi. Qonşulaar onların mehribanlığına həsəd aparırdılar...

Günlərin birində Şeytanın Şəri onların arasına nifaq saldı.Tərəflər bir-birinə düşmən kəsildi. Qəzəblənmiş ata körpünü keçib öz mülkünə döndü. Əsəbləri tüğyan edən oğul nökərləri ilə birlikdə körpünü söküb yerə qoydu...

Dava-dalaşın üstündən xeyli vaxt keçmişdi. Ata ilə oğul daha heç biri-biri tərəfə baxmırdı da. Günlərin birində oğul qərara gəldi ki, başqa bir şəhərə gedib gəzib-dolaşsın. Bir az fikri dağılsın. Özünü yenidən toparlayıb işinə-gücünə qayıtsın.

Səfər ərəfəsində qapı döyüldü. Məlum oldu ki, bir bənna özünə iş axtarır. Oğul bənanı sökülüb-tökülmüş körpünün ətrafa səpələnmiş daşlarının qalaqlandığı yerə apardı və dedi: “3-4 həftəyə geri dönəcəm. Körpüdən nişan qalan daşları üst-üstə yığıb atam ilə mənim arama hündür bir hasar çəkərsən. Atamı heç uzadan da görmək istəmirəm”...

Səhərisi oğul çıxıb gtdi. Bənna isə nökərlərin köməyi ilə işə başladı.

Bir ay sonra oğul səfərini başa vurub geri döndü. Bənanın işi ilə maraqlandı. Çəkilməli hasarın yerində əvvəlkindən də möhkəm bir körpü gördü. Oğlunun geri dönməsindən xəbər tutan ata körpünü keçib özünü oğluna tərəf atdı. Ata-bala yenidən bir-birinə qovuşdu. Onlar əski günlərin işığında geriyə-dost-mehriban olduqları çağlara qayıtdılar...

Bunu nəql edən alim auditoriyaya deyir ki, əslində bənna sifarişi yerinə yetirmək üçün ata ilə oğulun mülkləri arasına hündür hasar çəkməli idi. Ancaq o, ata ilə oğulun bir-birindən daha da uzaqlaşmasına yox, daha da yaxınlaşmasına vəsilə olmaq istədi və buna nail oldu. Ata ilə oğulu yenidən bir araya gətirdi. Oğul bənnanın bu işindən o qədər razı qaldı ki, onun gedib başqa bir yerdə çalışmasını istəmədi. Təklif etdi ki, mənimlə qal, görüləsi işimiz çoxdur. Ancaq bənna dedi ki, mən getməliyəm. Aralarına körpü çəkiləsi adamlar çoxdur. Onlar mənim yolumu gözləyir...

Natiq auditoriyaya insanlar arasında körpü salmağın önəmini aşılayır. Cəmiyyətin içindəki fərdlər arasında körpü salmaq son dərəcə önəmli bir keyfiyyətdir. Dövlətlər arasında da körpüsalanlalara həmişə böyük ehtiyac olur...

Körpü salamaq belədir ki, iki və ya daha çox tərəf arasında mövcud olan problemin 60-70 faizi, bəzən daha çoxu, öz həllini tapır. Yəni əvvəl mövcud olmuş problem təhlükə həddindən çıxır. Körpü salanın müdaxiləsindən az sonra tərəflərin də əvvəlki problemə münasibətində ciddi yumşalma yaranır. Müəyyən müddətdən sonra problemin kəsir hissəsinin də aradan qalxması ciddi şəkildə asanlaşır...

Hər bir cəmiyyətin körpüsalanlara ehtiyacı var. Azərbaycan cəmiyyətində isə bu tip insanlar son dərəcə azdır və həmişə onların yeri görünür. Müqəddəs yerlər isə boş qalmır. Bizim cəmiyyətdə körpüsalanların boş qalmış yerini də araqızışdıranlar doldurub...

Təəssüf ki, bizim cəmiyyətdə araqarışdıranlar çoxdur. Özü də həddindən artıq çoxdur. Bu isə toplumun bir araya gəlməsinə imkan vermir. Cəmiyyətdə olan ziddiyyətlərin daha da dərinləşməsinə gətirib çıxarır. Bizə insanlar arasına hasar çəkənlər yox, körpüsalanlar lazımdır...

Elbəyi Həsənli

visiontv.az