Jurnalistlər arasında yazı müsabiqəsi elan edilib
18.10.2022

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi Azərbaycan Badminton Federasiyası (ABF) ilə birlikdə jurnalistlər arasında yazı müsabiqəsinə start verir.

Federasiyadan Visiontv.az-a bildiriblər ki, müsabiqəyə Azərbaycanda badmintonunun tarixi, uşaqların sağlam inkişafında badmintonun rolu, Avropa Badminton Konfederasiyasının 2023-cü ildə Bakıda keçiriləcək Konqresinin əhəmiyyəti, həvəskar badmintonun inkişaf perspektivləri, kütləvilik, regionlarda bu idman növünün hazırki vəziyyəti, idmanda gender bərabərliyi, fiziki məhdudiyyətli şəxslərin badminton vasitəsilə cəmiyyətə inteqrasiyası mövzusunda yazılar qəbul olunacaq.

Azərbaycanda badmintonun yaranmasının 60 illik yubileyi münasibətilə elan olunan müsabiqəyə azərbaycanca nəşr olunan və rusdilli yazılı media subyektlərində çalışan jurnalistlər qatıla bilərlər. Jurnalistlər çalışdıqları KİV-lərdə yazılarını dərc etdirməli, daha sonra həmin materialın linkini, özlərini və çalışdıqları media orqanını təqdim etməklə, noyabrın 10-u saat 23:59-dək azesportsmedia@gmail.com elektron ünvanına göndərməlidirlər.