İranlı iki qadın futbolçu 'təhlükəsiz sığınacaq' üçün Avstraliyaya təşəkkür edib
22.04.2026

İranın iki qadın futbolçusu Avstraliya hökumətinə onlara təhlükəsiz sığınacaq verdiyi üçün təşəkkür edib, idman karyeralarını bərpa etmək istədiklərini bildiriblər.

Fatimə Pəsəndidə və Atifə Ramazanizadə humanitar viza alandan bəri ilk dəfə ictimai açıqlama veriblər. Bəyanatda deyilir ki, onlara göstərilən dəstək təhlükəsiz şəraitdə yaşayıb yarışa biləcəkləri gələcəyə ümid yaradıb.

"Bizə humanitar qoruma və bu gözəl ölkədə təhlükəsiz sığınacaq verdiyi üçün Avstraliya hökumətinə, xüsusilə də daxili işlər naziri Toni Börkə dərin təşəkkürümüzü bildiririk", – qadın futbolçular qeyd ediblər.

Martda İran qadın futbol yığmasının yeddi üzvü Avstraliyada sığınacaq istəmişdi. Onlar Asiya Kuboku oyunu öncəsi İranın dövlət himnini oxumaqdan imtina etmiş, İran dövlət mediası buna sərt reaksiya vermişdi.

Futbolçulardan beşi sonradan sığınacaq müraciətlərini geri götürüb, komandanın qalan üzvlərinə qoşularaq Malayziya üzərindən İrana qayıdıb.

Pəsəndidə və Ramazanizadə isə Avstraliyada qalıb. Hüquq müdafiəçiləri bəzi oyunçuların hökumətin güclü təzyiqi altında geri qayıtması ilə bağlı narahatlıq səsləndirib.

Hər iki futbolçu Avstraliyanın A-Liqa qadınlar liqasında çıxış edən "Brisbane Roar" komandası ilə məşq edərkən görüntülənib.

Bu hadisələr ABŞ və İsrailin fevralın 28-də İrana hava zərbələri ilə başlayan müharibə fonunda baş verib.

İranın qadınlardan ibarət milli futbol komandası Avstraliyada

İranın qadınlardan ibarət milli futbol komandası Avstraliyada

Avstraliyadan sığınacaq istəyən İran qadın futbolçuların beşi müraciətini geri götürüb

İranın qadın futbol komandasının kapitanı Zəhra Qənbəri Avstraliyada sığınacaq müraciətini geri götürüb və İrana qayıdacaq. Xəbəri İranın dövlət mediası yayıb. O, milli komanda sığınacaq üçün müraciətini geri götürən beşinci üzvüdür.

Qadın futbolçular Asiya Kuboku zamanı İslam Respublikasının dövlət himnini oxumamışdılar. İranda onlara "xain" damğası vurulandan sonra yeddi oyunçu və heyət üzvü sığınacaq istəmişdi.

İran hakimiyyəti Qənbərinin qərarını vətənpərvərlik adlandırıb. Müxalifət mediası, digərlərinin fikrincə, ailələrini təhdid etməklə oyunçulara təzyiq göstərilib.

Avstraliya rəsmilərinin bildirdiyinə görə, komanda üzvlərinə sığınacaq almaq üçün imkan yaradılıb, ancaq onlar "inanılmaz çətin" qərarlarla üzləşiblər.

Bir neçə nəfər artıq İrana getmək üçün Malayziyaya yola düşüb, nümayəndə heyətinin yalnız iki üzvünün Avstraliyada qalacağı gözlənilir.

Avstraliya İran futbolçularına humanitar vizalar verir

Avstraliyanın daxili işlər naziri İranın qadın futbol yığmasının beş üzvünə humanitar vizalar verildiyini bildirib.

"Avstraliyalılar bu cəsur qadınların durumundan təsirləniblər", – Avstraliyanın baş naziri Entoni Albaneze martın 10-da Kanberrada mətbuat konfransında deyib.

"Onlar burada təhlükəsizdirlər, özlərini evlərindəki kimi hiss etməlidirlər", – o əlavə edib.

ABŞ prezidenti Donald Tramp Albanezeni qadınların qalmasına icazə verdiyinə görə tərifləyib. O, sosial mediada yazıb ki, Avstraliya onları qəbul etməsəydi, ABŞ buna hazır idi.

Avstraliya rəsmiləri futbolçuların adlarını açıqlayıb, onların gizli bir məkanda polis qoruması altında qaldığını bildirib.

Albaneze hazırda Avstraliyada olan digər futbolçulara oxşar kömək göstərməyin mümkünlüyünü vurğulayıb, özlərinin seçimlə bağlı qərar verməli olduğunu deyib.

Televiziya kadrlarında digər iranlı oyunçuların qaldıqları oteldən avtobusla çıxdıqları görünüb. Avtobusda hansı oyunçuların olduğu, haraya getdikləri bəlli deyil.

Daxili işlər naziri Toni Börk isə X hesabında viza almış beş futbolçu ilə birgə fotosunu paylaşıb.

Ötən həftə İran komandası Avstraliyada Asiya Kuboku matçında dövlət himnini oxumaqdan imtina etmişdi. Bu, ABŞ və İsrailin İrana hava zərbələri və ali dini lider Əli Xameneinin öldürülməsi fonunda baş verib. İranın dövlət televiziyası onları "müharibə satqınları" adlandırıb. Ancaq ikinci yarışda komanda himni oxuyub. İnsan haqları müdafiəçiləri onların buna məcbur edilməsindən əndişələnib.

Komanda bazar günü Filippinə 2-0 uduzandan sonra yarışda iştirakını başa vurub. Bundan sonra azarkeşlər, dövlət qurumları onların durumu ilə bağlı narahatlıq bildirib.

visiontv.az