İranda Zəngəzur dəhlizilə bağlı narahatlıq artıq isterik səviyyəyə qədər güclənib
İranda Zəngəzur dəhlizilə bağlı narahatlıq artıq isterik səviyyəyə qədər güclənib
10.09.2024 Bəybala Mirzəyev Tərəfindən

İran özünü qırmızı parçanın üzərinə şığıyan ispan korridasının yerinə qoyub. İranlı rəsmilər uydurma “qırmızı xətt”lə bağlı bəyanat vermək üçün sıraya düzülüblər.

Son bir həftədə İran təmsilçiləri Zəngəzur dəhlizi ilə bağlı ard-arda iki səs-küylü bəyanatla çıxış ediblər. Əvvəlcə xarici işlər naziri Abbas Əraqçi, daha sonra isə İranın Ermənistandakı səfiri Mehdi Sobhani Zəngəzur dəhlizi ilə bağlı sərsəm açqılamalar veriblər. Və, budur, Zəngəzur dəhlizinə qarşı İrandan erməniləri sevindirən növbəti bəyanat!

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi də Zəngəzur dəhlizinin əleyhinə çıxış edərək deyib ki, İran tərəfi Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir.

İ.Əzizidən sitat:

“Zəngəzur dəhlizinə dair geosiyasi proseslər İranın marağında deyil. İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək. Ölkəmizin ərazi bütövlüyünə təhlükə yaranarsa, rəsmi Tehran özünü müdafiə edəcək”.

Ard-arda gələn bu açıqlamalardan görünən budur ki, İranda Zəngəzur dəhlizilə bağlı narahatlıq artıq isterik səviyyəyə qədər güclənib. Bunun da səbəbi var. Molla rejimi Ermənistanı İranın “həyat yolu” (Ermənistan-Gürcüstan-Qara dəniz vasitəsilə Avropaya çıxış yolu) hesab edir və Zəngəzur dəhlizini də bu qondarma “həyat yolu”nu kəsəcək qorxunc bir layihə kimi və hətta az qala “Apokalipsis” kimi dəyərləndirir.

P.S.

Bu arada Məsud Pezeşkian isə sirli şəkildə susur. O, hələlik öz baş diplomatını – İranın xarici işlər naziri Abbas Əraqçini qabağa verib. Təəssüf ki, molla rejimi Pezeşkianı da bizə qarşı belə “xərcləyir”. Seçki kampaniyası zamanı çıxışlarında qonşularla (ilk növbədə isə Azərbaycan və Türkiyə ilə) münasibətləri yaxşılaşdırmağın vacibliyindən dəm vuran M.Pezeşkian yenicə təyin etdiyi xarici işlər nazirinin əliylə indi Azərbaycan və Türkiyəni (bütün Türk dünyasını) birləşdirəcək Zəngəzur dəhlizini hədəfə alıb. Əsl tragikomediya, bax, budur.

Bəybala Mirzəyev

visiontv.az