İran Qafqazı geosiyasi passivliklə itirdi
12.08.2025

Tehrandakı Şəhid Beheşti Universitetinin professoru və siyasi analitik Əlirza Mehrabi “İran diplomatiyası” saytına müsahibəsində Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunmuş üçtərəfli sazişi İranın Qafqaz siyasətində uğursuzluğunun göstəricisi kimi dəyərləndirib. O, bu razılaşmanı “Tramp dəhlizi” adlandıraraq, İranın bölgədəki passivliyini və fəaliyyətsizliyini tənqid edib.

Mehrabi iddia edir ki, Bakı ilə İrəvan arasında əldə olunan razılaşma İranın uzun müddət “qırmızı xətt” kimi təqdim etdiyi Zəngəzur dəhlizi modelini reallaşdırır.

Onun fikrincə, İran vaxtında müvafiq diplomatik addımlar atmadığı üçün Qafqazda təşəbbüsü itirib və artıq regional proseslərdə kənardan müşahidəçi mövqeyinə çəkilib.

Mehrabi “geosiyasi passivlik” adlandırdığı yanaşma ilə İranın bölgədə nüfuzunun zəiflədiyini bildirib və Amerikanın sözügedən dəhliz layihəsində iştirakını Tehran üçün “təhdid” kimi dəyərləndirib.

Ekspert Azərbaycanın Naxçıvanla birləşməsini İran sərhədləri üçün “geosiyasi təhdid” kimi qələmə verərək, bu dəhlizin region ölkələrinin razılığı ilə və sülhün möhkəmlənməsi məqsədilə həyata keçirilməsini görməzdən gəlir.

İran diplomatiyasını həm 44 günlük Qarabağ müharibəsi dövründə, həm də post-müharibə mərhələsində passivlikdə ittiham edən ekspert əlavə edib ki, Tehran bu kimi görüşlərə özü ev sahibliyi etməli idi. Onun fikrincə, Vaşinqtonun bölgədəki fəallığı Tehranın diplomatik zəifliyinin nəticəsidir.

Mehrabinin mövqeyi, əslində, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan və bölgədə sabitliyi hədəfləyən təşəbbüslərinə qarşı yönəlmiş yanaşma kimi dəyərləndirilə bilər. Zəngəzur dəhlizi və ya alternativ marşrutlarla Naxçıvanla birləşmək planı rəsmi Bakı tərəfindən sülh və əməkdaşlıq məqsədi ilə irəli sürülüb, bu layihələr regionun ticarət və tranzit imkanlarını genişləndirmək potensialına malikdir. Əksinə, Mehrabi və onun kimilər bu cür iqtisadi layihələri “geosiyasi təhdid” kimi qələmə verməklə, regionda əməkdaşlıq əvəzinə qarşıdurma ritorikasını gücləndirməyə çalışırlar.

visiontv.az