Hamı maraqla gözləyir ki, İran İsraili haradan vuracaq, necə vuracaq və nə zaman vuracaq
Hamı maraqla gözləyir ki, İran İsraili haradan vuracaq, necə vuracaq və nə zaman vuracaq
05.04.2024 Bəybala Mirzəyev Tərəfindən

İran rejiminə bağlı bəzi media subyektləri iddia edir ki, İranın Dəməşqdəki qərargahına endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirlikləri boşaldılaraq təxliyə edilib.

İsrailin Bakıdakı səfirliyindən isə bildirilib ki, səfirlik öz iş rejimində heç bir dəyişiklik etməyib və dəyişməz olaraq fəaliyyətini davam etdirir.

Bu, İran tərəfinin "blef"lə məşğul olduğunu göstərir.

Rəsmi Tehran Dəməşqdəki olaya görə İsrailə cavab veriləcəyini bildirib. Ona görə də hamı maraqla gözləyir ki, İran İsraili haradan vuracaq, necə vuracaq və nə zaman vuracaq.

Mollaların belə bir məqsədi varsa, o zaman "güzgü prinsipi"ndən çıxış edərək əslində birbaşa İsrailin özünü vurmalıdırlar.

Ancaq İran hazırda birbaşa İsraili vurmağa qadir deyil.

Ona görə də bir sıra İran rəsmiləri müxtəlif ölkələrdə yerləşən İsrail səfirliklərinə hücum edilməsi çağırışı ilə çıxış edirlər. İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi isə konkret olaraq bizim ölkəmizi hədəfə alaraq İsrailin Bakıdakı səfirliyinin binasını vurmağı təklif edib.

“Sionistlərin hər hansı ad altında İran torpağına hücumuna qəti və oxşar cavabın gecikdirilməsi, səbri və ləngiməsi İranın böyük adının nüfuz və şərəfinə vurulan ağır zərbəyə bərabərdir. Mənim təklifim odur ki, region ölkələrinin birində, daha yaxşı olar ki, Azərbaycanda olan sionist diplomatik mərkəzlərdən birinə açıq və birbaşa hücum edək”,- deputat Cəlal Rəşidi Kuçi “X” hesabında yazıb.

İranlı deputatın belə bir açıqlama ilə çıxış etməsi cəsarət və qəhrəmanlıq deyil, ağılsızlıq və fürsətçilikdir. İranın bəzi rəsmi şəxsləri, generalları və deputatları zatən əllərinə fürsət düşən kimi ölkəmizə qarşı belə əsassız hücumlara keçir, kin qusurlar. Onların əksəriyyəti SEPAH-a bağlıdır.

Cəlal Rəşidi Kuçini də bu cür sərsəm təkliflə çıxış etməyə heç şübhəsiz ki, SEPAH təhrik edib. "Xain xoflu olar" məsəlindəki kimi SEPAH da hər olay baş verdiyində ilk növbədə məhz Azərbaycandan xoflanır və ölkəmizi hədəfə alır.

Lakin SEPAH-ın isterik generalları anlamalıdırlar ki, İsrailin Suriyada SEPAH-ın qərargahını vurmasının Azərbaycanla heç bir bağlılığı yoxdur. Necə deyərlər, sözünüz varsa, gedin sözünüzü birbaşa İsrailin özünə deyin də.

Yox, əgər, buna cəsarətiniz çatmırsa və çarəsizlikdən Azərbaycanı hədəfə alırsınızsa, onda ikiqat peşman olacaqsınız. Çünki Azərbaycan sizin üçün İraq və ya Suriya deyil ki, bizim paytaxtımızı və ya digər ərazilərimizi dronlar və ya raketlərlə belə rahat-rahat vurasınız. Sizin Azərbaycana qarşı hər raket zərbənizə beş qat artıq cavab veriləcək. Ona görə də ağlınızı başınıza toplayın, cənab mollalar!

P.S.

Bu arada SEPAH-ın imici zərbə ardınca zərbə almağa davam edir. Belə ki, Dəməşqdə SEPAH generallarının partladılmasının ardınca, “Ceyş əl-Ədl” silahlı təşkilatının hücumu zamanı Bəlucistan əyalətinin Rask şəhərində SEPAH-ın qərargahı və silah-sursat anbarı partladılıb. Yayılan videoda səhər saatlarında SEPAH qərargahında güclü partlayışın baş verdiyi əks olunub. Qərargah silahlılar tərəfindən ələ keçirilib. Yerli güc strukturları silahlılar qarşısında aciz qaldığı üçün, başqa bölgələrdən hadisə yerinə əlavə hökumət qüvvələri gətirilib. Necə deyərlər, bu da mollaların allı-güllü SEPAH-ı.

P.P.S.

İsrailə və ABŞ-a demək lazımdır ki, İranın vəziyyətdən çıxması və imicini xilas etməsi üçün mollalara kömək etsinlər. Yoxsa, bu gedişlə İran lap rüsvayi-cahan olacaq.

Bəybala Mirzəyev

visiontv.az