Gürcü spiker Fransa səfirini ölkənin daxili işlərinə müdaxilə cəhdində ittiham edib
04.04.2025

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransanın bu ölkədəki səfirini Gürcüstanın daxili işlərinə müdaxilə cəhdində ittiham edib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Papuaşvili ölkədəki diplomatik nümayəndəliklərin üzvlərini Vyana Konvensiyası çərçivəsində qalmağa və beynəlxalq hüququ pozmamağa çağırıb.

“Mən bir daha bütün səfirləri, o cümlədən Fransa səfirini Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozmamağa, konvensiyanın diplomatik missiyanı qəbul edən ölkənin daxili işlərinə qarışmamağı tələb edən 41-ci maddəsi çərçivəsində qalmağa çağırıram”, - Papuaşvili qeyd edib.

Spiker Fransadakı siyasi təqiblər fonunda səfirin Gürcüstanla bağlı vəziyyəti böhran kimi dəyərləndirməsini qeyri-ciddi adlandırıb.

“Fransada siyasi opponentlər mühakimə olunur. “Le Figaro”nun bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, Fransa əhalisinin 60%-i prezidentin istefasını, 50%-i isə yeni parlament seçkilərinin keçirilməsini istəyir. Bütün bunların fonunda Fransa səfirinin Gürcüstanın məhkəmə sisteminə hücumu və bu barədə bir növ siyasi böhran kimi danışması sadəcə olaraq ciddi deyil”, - Şalva Papuaşvili bildirib.



Gündəlik

slide 7 to 10 of 8