Görüşdən sonrakı düşüncələr...
Görüşdən sonrakı düşüncələr...
08.04.2024 Bəybala Mirzəyev Tərəfindən

Birincisi: Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan görüşündə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin də iştirak etməsi öncədən nəzərdə tutulmamışdı. Bu, bir daha təsdiqləyir ki, ABŞ dövlət katibi Antoni Blinken 5 aprel görüşünün Ermənistanın iqtisadi inkişafına həsr ediləcəyini bildirərkən tam olaraq yalan söyləyirmiş.

İkincisi: Maraqlıdır ki, bu görüşdə ABŞ-ın və Aİ-nin adından iştirak edən üç şəxsin (ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel) heç birinin iqtisadi məsələlərə zərrə qədər də aidiyyatı yoxdur. Bu adamların hər üçü də xarici siyasət, təhlükəsizlik və qlobal geosiyasi məsələlər üzrə məsul şəxslərdir. Lakin görüşün adını isə qoyublar Ermənistana iqtisadi dəstək görüşü... Əsl həqiqətdə isə, bu, Ermənistana hərtərəfli dəstək (ilk növbədə hərbi dəstək) görüşüdür. Lakin onlar əsl həqiqəti "iqtisadi dəstək" adı ilə ört-basdır etməyə çalışırlar. Daha doğrusu, görüşdə qəbul olunan hərbi-siyasi qərarları gizli saxladılar. Ancaq həmin qərarlar tezliklə üzə çıxacaq. Çünki belə mühüm strateji məsələləri uzun müddət gizli saxlamaq mümkün deyil.

Üçüncüsü: Hələlik bəlli olan tək gerçəklik budur ki, ötən gün Ermənistan "Rusiyanın forpostu" statusu ilə rəsmən vidalaşaraq, əl dəyişdirdi, Qərbin forpostu olmaq öhdəliyini üzərinə götürdü, ABŞ-ın və Aİ-nin (Fransanın) himayəsi altına keçdi, özünə tamamilə yeni kurs seçdi. Başqa sözlə desək, Ermənistan ağasını, bossunu dəyişdi.

Dördüncüsü: Bu cür radikal (və ya kardinal) kurs dəyişiminin, yön dəyişiminin qarşılığında isə Ermənistanın ilkin qazancı, dividendi çox cüzi oldu. Açıq söyləsək, indiyə qədər Rusiya ilə müttəfiqlik sayəsində və Avrasiya İqtisadi Birliyinin xətti ilə hər il milyardlarla vəsait əldə edən Ermənistan ötən gün Brüsseldə olduqca ucuz qiymətə satıldı - cəmi 335 milyon Amerika dollarına... Həmin 335 milyonu da rəsmi İrəvana birdən-birə kom şəkildə yox, qarşıdakı 4 il ərzində hissə-hissə, qrant formasında verəcəklər.

Beşincisi: Ermənilərin Brüssel görüşünün nəticələri ilə bağlı gözləntiləri, ümidləri doğrulmadı. Hərçənd ki, ermənilər Brüssel görüşü ərəfəsində Qərbdən haradasa 8-10 milyard dollar civarında maliyyə dəstəyi gözlədiklərini söyləyirdilər. Lakin xəyal qırıqlığına uğradılar və anladılar ki, Ermənistan Qərb üçün Ukrayna qədər önəmli deyil ki, onun ayaqda qalması üçün milyardlarla vəsait ayrılsın.

Altıncısı: Qərbin Ermənistanı Finlandiya kimi, Cənubi Koreya kimi inkişaf etdirmək və onu yüksək rifah, super sənaye ölkəsinə çevirmək niyyəti yoxdur. Onların məqsədi Ermənistanı sadəcə ayaqda saxlamaq və plasdarm kimi istifadə etməkdir (necə ki, vaxtilə Rusiya da Ermənistandan eynən bu məqsədlə istifadə edirdi, lakin Ermənistanın iqtisadi inkişafı üçün heç bir addım atmırdı). İndi də Qərbin eyni taktikanı təkrarlamaq planı var. Ona görə də Ermənistanın ən yaxşı halda Rumıniya və ya Bolqarıstan səviyyəsində inkişaf etməsinə imkan verəcəklər (Rumıniya və Bolqarıstan bu gün Avropa İttifaqının ən kasıb ölkələri sırasındadır).

Yeddincisi: Ermənistanın silahlandırılması isə Qərb üçün yaxın illərdə əsas prioritet olacaq. Ona görə də Ermənistanı silahlandırmaq üçün Avropa Sülh Fondunun (European Peace Facility) imkanlarından da gen-bol istifadə ediləcək. Hazırda isə bu fondun bütün pulları demək olar ki, yalnız Ukrayna üçün xərclənir. Ancaq biz burada olduqca incə bir məqamı da nəzərə almalıyıq. Qərb Ermənistanı “ikinci Ukrayna”ya çevirmək və Rusiyaya qarşı yeni savaş cəbhəsi açmaq üçün silahlandırmır. Bu silahlandırmanın əsas məqsədi Ermənistanın Azərbaycanın ehtimal olunan hücumlarından müdafiəsini təmin etməkdir. Bu baxımdan biz özümüzü Ermənistanı itirmək qorxusi ilə üzləşmiş Rusiyadan fərqli olaraq xoflu və narahat tərəf kimi yox, qalib ölkə ədası və psixologiyası ilə aparmalıyıq. Əgər Qərb bu gün Ermənistanın müdafiə potensialını gücləndirmək xəttini yürüdürsə, bu o deməkdir ki, Qərb bizimlə, bizim hərbi gücümüzlə və 44 günlük müharibənin, Sentyabr (sərhəd) döyüşlərinin və 23 saatlıq lokal antiterror əməliyyatının nəticələri ilə hesablaşır.

Səkkizincisi: 5 aprel görüşündə əsas məqsəd Ermənistanın iqtisadi dirçəlişi planını cızmaq yox, onu Rusiyanın təsir dairəsindən qoparmaq və Qərbin himayəsi altına almaq idi. Buna da nail oldular. Və nəticədən də hamı razıdır - İrəvan da, Brüssel də, Vaşinqton da, Paris də. Yeganə itirən tərəf məhz Rusiya oldu. Putinin yanlış siyasəti nəticəsində Rusiya Ukraynanı, Moldovanı, Gürcüstanı itirdiyi kimi Ermənistanı da itirdi. Bu isə bizim üçün daha sərfəlidir. Bizə şimal qonşuluğumuzda daim imperiya ambisiyaları ilə yaşayan, yetənə yetən, yetməyənə isə bir daş atan, müstəqilliyimizi təhdid edən güclü və davakar Rusiya yox, Ukrayna ilə (Qərblə) savaşı uduzmuş, iqtisadi cəhətdən tam çökdürülmüş və öz tarixi sərhədlərinə (Moskoviya) qaytarılmış zəif bir Rusiya lazımdır.

Doqquzuncusu: Biz elə etməliyik ki, istər Brüssel görüşünə, istərsə də ümumən Ermənistanın Qərbə üz tutmasına münasibət bildirərkən ritorikamız rəsmi Moskvanın, konkret olaraq isə Rusiya XİN-in açıqlamalarının üslubu ilə, dili ilə üst-üstə düşməsin, eyniyyət təşkil etməsin və Mariya Zaxarovanın çıxışlarına baxanların “Moskva İrəvanla Azərbaycan dilində danışır” (“Москва говорит с Ереваном на Aзербайджанском языке”) kimi ittihamlar səsləndirməsinə yer qalmasın. Rusiya XİN ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı sərt bəyanat yayaraq, “Brüssel görüşü Cənubi Qafqazda ayırıcı xətləri daha da dərinləşdirdi”, "Brüssel görüşü Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün “kollektiv Qərb”in növbəti cəhdidir" kimi ifadələri dövriyyəyə buraxırsa, bizim ekspertlərimiz, deputatlarımız, siyasətçilərimiz də eyni ifadəni “copy paste” edib sağa-sola tirajlamamalıdır. Bir sözlə, biz ermənilərin ortaya atdığı və Fransanın saxtakar, yalançı xarici işlər naziri Stefan Sejurnenin saqqız kimi çeynədiyi “Azərbaycan Rusiyanın yanında yer alıb” böhtanının Qərbdəki müttəfiqlərimiz tərəfindən həqiqət kimi qəbul edilməsini istəmiriksə, o zaman Lavrov kimi, Peskov kimi, Zaxarova kimi danışmamalıyıq. Biz “Şərq – incə məsələdir” anlayışından çıxış edərək fərqli ton, fərqli ritorika seçməliyik. Rusiya bizdən Ermənistana qarşı alət kimi, dəyənək kimi, zopa kimi istifadə edə bilməməlidir. Yeri gələndə biz özümüz Ermənistanın başına öz yumruğumuzu (Dəmir Yumruq) vurmalıyıq.

Onuncusu: Bu arada diplomatiyaya daha çox önəm verməliyik! Belə ki, biz bir tərəfdən qalib ölkə tərzi ilə hərəkət edərək hərbi gücümüzü daha da artırmaq yolunu tutmalıyıq, lakin digər tərəfdən isə diplomatik çevikliyimizi artırmalı, Ermənistanı davamlı olaraq diplomatik basqı altında saxlamalıyıq. Hazırkı həssas mərhələdə hətta diplomatik gücümüz hərbi gücümüzdən bir addım önə keçməlidir. Biz bu mərhələdə əsas uğurlarımızı məhz diplomatik savaş vasitəsilə qazanacayıq.

Bəybala Mirzəyev

visiontv.az