Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın bir qisminin İran üzərindən İrəvana çatdırıldığı istisna deyil
02.05.2024

Fransa üzdə digər Qərb ölkələri ilə ittifaqda olsa da, bir sıra hallarda Qərbin rəqibləri ilə əməkdaşlıqdan çəkinmir. Misal üçün Fransa prezidenti Emmanuel Makron Qərb dövlətlərini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırarkən, Fransanın İrəvandakı səfiri Ermənistanın təhlükəsizliyi mövzusunda Parisin Tehranla əməkdaşlıq etdiyini bildirib. Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın bir qisminin İran üzərindən İrəvana çatdırıldığı istisna deyil.

ABŞ və Avropa İttifaqı ölkələrinin Çinlə münasibətlərində xeyli problem var. Buna baxmayaraq, Paris Pekinlə də əməkdaşlığı inkişaf etdirməyin yollarını arayır. Buna misal olaraq Fransa Silahlı Qüvvələri ilə Çin Xalq Azadlıq Ordusu hərbi əməkdaşlıq üçün yeni mexanizm yaratdığını söyləmək olar. “South China Morning Post” nəşrinin yazdığına görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq qarşılıqlı etimadı və əməkdaşlığı daha da dərinləşdirəcək, həmçinin regional təhlükəsizlik və sabitliyi birgə töhvə verəcək. Nəşr Çin Müdafiə Nazirliyinə istinadən bunları yazıb. Belə çıxır ki, ABŞ, Böyük Britaniya, Yaponiya, Hindistan, Avstraliya, Yeni Zellandiya və Çinə qonşu olan digər dövlətlər Pekinin qərarlarından narahat olarkən, Fransa Çinlə hərbi əməkdaşlıq mexanizmlərini müzakirə edir. Ancaq bu iki ölkənin rəqabət etdiyi bölgələr də var.

Çin Afrikada Fransanın sıxışdırılmasından istifadə etməyə çalışır. Çin təkcə Afrikanın ən böyük ticarət tərəfdaşı deyil, həm də onun ən böyük ikitərəfli kreditorudur. Son 15 ildə Çin və Afrika ölkələri arasında ticarət 282,1 milyard dollara çatıb. Çinin ixracın böyük hissəsi Cənubi Afrika, Anqola və Konqo Demokratik Respublikasına yönəlib. Nigeriya isə Çin mallarının ən böyük idxalçısıdır. Afrikanın böyük təbii ehtiyatlarına və strateji infrastrukturuna çıxış üçün Çin və Afrika dövlətləri arasında müxtəlif ikitərəfli müqavilələr imzalanıb. Çin şirkətləri Afrikanın infrastruktur müqavilələrinin 31 faizində iştirak edir. Bu, əsasən köhnə ticarət marşrutlarını - İpək Yolu (quru ilə) və Dəniz İpək Yolunu canlandırmaq məqsədi daşıyan Çinin “bir kəmər, bir yol” təşəbbüsü tərəfindən dəstəklənib. Çin Keniyada dəmir yolları, Cibuti və Nigeriyadakı limanlar kimi bir neçə meqalayihəni maliyyələşdirib.

Bununla belə, Çinin Afrikadakı bir neçə infrastruktur layihəsi borc tələsi olduğu üçün tənqidlərə məruz qalıb. Bir sıra ölkələr Çini “borc tələsi diplomatiyası” yürütməkdə ittiham edir, nəticədə Afrika yüksək iqtisadi tarifləri qəbul edir. ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson bəyan edib ki, Çinin strategiyası qeyri-müəyyən müqavilələr, soyğunçu kreditlər və dövlətləri borcla yükləyən və onların suverenliyini aşındıran, davamlı inkişafa mane olan korrupsiya sövdələşmələri vasitəsilə asılılığı gücləndirir. Çinə ən çox borclnanan Afrika ölkəsi Keniyadır. Pekin Keniyanın borc üzrə faizlərin təxirə salınması təklifini rədd edib.

Fransa Çinin Afrikadakı fəallığını əngəlləyə bilmir. Buna baxmayaraq, Afrika ölkələrinin Çinə artan borcları Parisdə məmnuniyyətlə qarşılanır. Fransada düşünürlər ki, Afrika ölkələrinin Çinlə münasibətləri gərginləşərsə, həmin dövlətlər yenidən Parislə əməkdaşlığa üstünlük verə bilərlər. Ancaq Fransanın kolonial siyasəti Çinin siyasətindən fərqlənmir.

“Atlas” Araşdırmalar Mərkəzi

visiontv.az