Formula 1 Azərbaycan Qran-Prisinin üç tribunasına biletlər tamamilə satılıb
23.02.2023

Aprelin 28-30-da Bakının ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin satışı davam edir. “Sahil” tribunasına yerlər tamamilə tutulmaqla, qalan tribuna biletlərinin 50 faizindən çoxu satılıb.

Hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ və Meksika daxildir. Bilet alışına görə isə ilk üçlükdə Azərbaycan, Böyük Britaniya və Niderland qərarlaşıb.

Avtoidman həvəskarları yerlər bitmədən digər tribunalara – “İçərişəhər”, “Azneft”, “Muğam”, “Qız qalası”, “Xəzər” və “Bulvar” tribunalarına bilet əldə edə bilərlər. Bundan əlavə, “Abşeron” tribunasının B sektorunun biletləri tamamilə satılsa da, onların A, C, D və E sektoru biletlərini almaq şansları hələ də var.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) F-1 azarkeşlərini vaxt itirmədən biletləri əldə etməyə çağırır. Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nın rəsmi veb-səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər.

Orxan Kərimov