Əfqanistanlılar Tehrandan çıxarılır
02.05.2024

Tehranda yaşayan əfqanıstanlılar və başqa ölkə vətəndaşları ilə bağlı yeni plan hazırlanıb.

Bunu Tehran əyalətinin valisi Əlirza Fəxxari deyib.

O, İranda olan xarici ölkə vətəndaşlarının 50 faizinin Tehran əyalətində məskunlaşdıqlarını söyləyib:

“Tehranda qeyri-qanuni yaşayan xaricilərin həbs və deportasiya edilməsi ilə bağlı plan hazırlanıb və bu, qəti şəkildə icra ediləcək. Həmçinin qanuni yaşayış icazəsi olanlarla bağlı da plan hazırlanıb. Onlara da nəzarət güclənəcək”, - Fəxxari bildirib.

İranın daxili işlər naziri Əhməd Vəhidi də məsələ ilə bağlı açıqlamasında ölkənin artıq xarici vətəndaşları qəbul etmək və saxlamaq iqtidarında olmadığını söyləyib.

Nazir ölkədə olan xarici vətəndaşların öz ölkələrinə geri qayıtmaları üçün şərait yaradılmasını istəyib.

Qeyd edək ki, İranda təxminən 3.5 milyon əfqanistanlı yaşayır və 2021-ci ildən Talibanla İran hökuməti arasında başlayan gərginlik səbəbindən əfqanistanlı qaçqınlara qarşı təzyiqlər dahada artıb, onların ölkədən çıxarılması sürətləndirilib.

visiontv.az